Accessibility links

Almaniya kansleri ABŞ-la Avropa arasında münasibətlərin vacibliyini vurğulayıb


Almaniya kansleri Angela Merkel çərşənbə günü transatlantik münasibətlərin vacibliyini vurğulayıb və bildirib ki, Birləşmiş Ştatlar hər zaman Avropanın ən mühüm tərəfdaşı olacaq.

Parlamentdəki koalisiyasının təşkil etdiyi digital xarici əlaqələr konfransında çıxış edən Merkel ABŞ Prezidenti Co Baydenin seçkidə qalib gəlməsinə istinad edərək deyib ki, transtlantik əməkdaşlıq “yenidən işləyir.” Merkel etiraf edib ki, Tramp administrasiyası ilə münasibətlər o qədər də yaxşı deyildi.

Merkel ilə Prezident Donald Tramp arasında münasibətlər Rusiya və NATO-nun maliyyələşdirilməsi kimi məsələlər səbəbilə gərginləşib.

O əlavə edib ki, “yenidən işləyir” “əvvəlki kimidir” demək deyil, çünki son illərdə çox şey dəyişib. Lakin Merkel deyib ki, “çətin” illərdə ona aydın oldu ki, “biz ortaq işlər və gələcəklə bağlı suallara yalnız yaxın əməkdaşlıq yolu ilə cavab tapa bilərik.”

Merkel Almaniyanın Soyuq Müharibə dövründə olduğu kimi düşərgələrə bölünmüş dünyada maraqlı olmadığını və Avropanın “ən mühüm müttəfiqi” olan Birləşmiş Ştatların Çin və Rusiya kimi rəqiblərə qarşı qitənin yanında olmasının müsbət bir hal olduğunu deyib.

Kansler həmçinin bildirib ki, ticarət və iqlim dəyişikliyi kimi qlobal məsələlər Çinlə yaxşı münasibətlər olmadan həll oluna bilməz.

Merkel deyib ki, o, Avropa İttifaqı ilə Birləşmiş Ştatlar arasında ikitərəfli ticarət razılığını dəstəkləyir. “Bizim dünyanın bir çox regionu ilə ticarət razılıqları var,” o deyib. “Burada da bənzər ticarət razılıqları əldə etmək məntiqlidir,” o söyləyib.

13 il kansler vəzifəsində olan Merkel bu il keçirilən ümummili seçkidə namizədliyini irəli sürməyəcəyini bildirib.

XS
SM
MD
LG