Accessibility links

Almaniya yeni virus növünün ölkədə yayılacağından narahatdır


Almaniyanın milli səhiyyə təşkilatı olan Robert Kox İnstitutunun rəhbəri bu yaxınlarda Britaniyada təsbit edilən koronavirusun yeni, mutasiya olmuş variantının ola bilsin artıq Almaniyada da olduğunu deyib.

Çərşənbə axşamı Berlində jurnalistlərlə görüşən Lotar Viler hələ ki, Almaniyada bu virusa yoluxma halı barədə eşitməsə də, bu növün ilk dəfə sentyabr ayında Britaniyada, bundan sonra isə Hollandiyada və Danimarkada aşkar edildiyini deyib. O, bu virusun artıq Almaniyada da olması ehtimalının "çox yüksək" olduğunu bildirib.

Yeni variant aşkar edildikdən sonra bir çox ölkə Britaniyadan hava səyahətlərini qadağan etməyə məcbur olub. Bazar ertəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmiləri virusun yeni variantının daha tez yayıldığına dair dəlil olsa da, bunun daha sərt və ya ölümcül olduğuna dair heç bir dəlil olmadığını deyib.

ÜST rəsmiləri virusun mutasiyasının adi hal olduğunu deyib və əlavə edib ki, bununla mübarizənin ən yaxşı yolu yayılmanın qarşısını almaqdır.

Bu arada Avropada istifadəsi təsdiqlənmiş ilk koronavirus peyvəndini yaradan BioNTech şirkətinin baş icraçı direktoru vaksinlərinə immun sistemlərinin cavabının elmi baxımdan yüksək olduğunu deyib. Lakin o, yeni virus növününü 9 mutasiyadan keçdiyini deyərək, vaksinlərin virusun yayılmasına mane olub-olmayacağının bəlli olmadığı barədə xəbərdarlıq verib.

Qitənin dərman tənzimləyicisi Avropa Dərman Agentliyi (EMA) bazar ertəsi Pfizer-BioNTech peyvəndinə ilkin tətbiqinə icazə verib və Avropa Birliyi rəsmiləri peyvəndlərə dekabrın 27-də başlanacağının gözləndiyini bildirib.

Viler EMA-nın peyvəndi təsdiqləməsinin yaxşı xəbər olduğunu, lakin peyvəndlərin ümumi vəziyyəti çox uzun müddət dəyişməyəcəyini deyib. O, ölkə boyu virus yayılmağa davam etdiyi üçün insanları başqaları ilə təmasları məhdudlaşdırmağa davam etməyə çağırıb.

XS
SM
MD
LG