Accessibility links

Almaniya rəsmiləri: Hazırkı COVID artımı "ümummilli fövqəladə vəziyyətdir"


Almaniyanın səhiyyə rəsmiləri cümə günü ölkədəki mövcud COVID-19 durumunun ümummilli fövqəladə vəziyyət olduğunu deyib və bunu yumşaltmaq üçün təcili tədbirlərin görülməsinə çağırış edib – bura peyvənd edilmiş insanlar üçün də qapanmalar daxildir.

Almaniyanın Robert Kox Yoluxucu Xəstəliklər İnstitutu (RKI) cümə günü 52,970 yeni COVID-19 yoluxma hadisəsinin qeydə alındığını bildirib. Bununla da artıq üçüncü gündür ki, yeni infeksiyaların sayı 50,000-i keçir. İnfeksiya nisbəti hər 100 minə 340-dan çox olaraq qalır.

"Bütün Almaniya böyük bir sıçrayış içindədir. Bu, ümummilli fövqəladə vəziyyətdir. Təcili əyləci basmalıyıq" – deyə, cümə günü Berlində keçirdiyi mətbuat konfransında RKI prezidenti Lotar Vyeler narahatlığını ifadə edib.
Vyeler jurnalistlərə bildirib ki, Almaniyada yarım milyondan çox aktiv yoluxma olduğunu təxmin edirlər ki, bu, indiyə qədər qeydə alınan ən yüksək rəqəmdir. Onun sözlərinə görə, 5-14 yaşlı uşaqlar arasında xəstələnmə nisbəti hər 100 min nəfərə 700-dən çoxdur.

Eyni mətbuat konfransında Səhiyyə Naziri Yens Spahndan Almaniyanın qonşu Avstriyanın COVID-19 vəziyyətini həll etmək üçün etdiyi kimi, karantin rejiminə qayıdıb qayıtmayacağı soruşulub, o, isə cavabında "Biz heç nəyi istisna etməməliyik" deyib.

Vyeler daha qəti təkliflə çıxış edərək Almaniyanın "virusun yayılmasını yavaşlatmaq üçün təması kütləvi şəkildə azaltmalı olduğunu və bu, məsələn, mümkünsə evdə qalmaq, böyük tədbirləri ləğv etmək, kiçik tədbirlərdə insanların sayını azaltmaq, barlar və zəif havalandırılan klublar kimi qaynar nöqtələri bağlamaq deməkdir" deyib.

Bu arada Almaniya kansleri Angela Merkel cümə axşamı Almaniyanın 16 əyalətinin qubernatorları ilə görüşüb və onlar yeddi gün ərzində hər 100 min nəfərə düşən COVID-19 xəstələrinin xəstəxanaya qəbulu sayı ilə bağlı yeni hədd tətbiq etməyə razılaşıblar.

Bəzi əyalətlər tibb işçiləri və qocalar evi işçiləri kimi peşəkar qruplar üçün məcburi peyvəndi də nəzərdən keçirir.

XS
SM
MD
LG