Accessibility links

Almaniyada COVID-19-dan ölüm hallarının az olması təəccüb doğurur


Bremen, Almaniya
Bremen, Almaniya

Dünya boyu ölkələr xəstəxanalarda koronavirus pasientləri üçün yataq və avadanlıq çatışmazlığı ilə üzləşdiyi bir vaxt, Almaniyanın Bremen kimi şəhərləri qonşu ölkələrdən xəstələri qəbul edir.

Ötən şənbə günü Bremen Strasburqdan iki fransalı koronavirus xəstəsini qəbul edib, çünki Almaniyanın qonşusu olan Fransada xəstəxanalar artıq limitlərini aşır.

Gesundheit Nord hospital qrupunun sözçüsü Karen Matiszik yerli xəbər orqanı Buten un Binnenə bildirib ki, nəzəri cəhətdən şəhər xaricdən daha çox xəstə qəbul edə bilərdi, amma bu halda vəziyyət sürətli şəkildə dəyişə bilər. Rəsmi statsitikaya əsasən, Bremendə hazırda 567 yoluxma halı və 24 ölüm halı qeydə alınıb.

Xəstə qəbul etmək imkanlarına səbəb reanimasiyaya yerləşdirilən xəstəlinin sayının az olması olub. Bundan əlavə Almaniyada ölüm hallarının nisbətən aşağı olması da bütün dünyanın diqqətini cəlb edib.

Almaniyada təsdiq olunan 130 mindən çox yoluxma halından 3900-ü ölümlə nəticələnib. Müqayisədə ABŞ, İtaliya, İspaniya və Fransada xəstəlik səbəbilə 10 mindən çox insan ölüb. Təkcə İtaliyada 160 min yoluxma halı və 20 min ölüm qeydə alınıb.

Robert Kok İnstitutunun sözçüsü Suzan Qlasmaker bir neçə amilə işarə edib.

“Başda Almaniyada yoluxanların əksəriyyəti risk qrupuna daxil deyildi, çünki yoluxmaların çoxu xizək tətilində, xarici səfərlərdə, karnavallar və digər əyləncələrdə baş vermişdi” – o, Amerikanın Səsinə deyib.

Almaniyada virusa yoluxanların ortalama yaşı 49-dur, İtaliyada isə bu rəqəm 62-dir.

Almaniyada virusdan ölənlərin ortalama yaşı 80-dir və ölənlərin 87 faizi 70 yaşından yuxarı olub. İtaliyada isə ölənlərin 83.7 faizi 70 yaşından yuxarı idi.

Almaniya
Almaniya

Lakin son həftələrdə Almaniyadakı qocalar evində yoluxma hallarının artması narahatlıqlara səbəb olub. Cümə axşamına olan məlumatlara görə, Almaniyanın şimalında Volfsburq şəhərində bir qocalar evində qırx bir nəfər ölüb. Ölkə boyu yüzlərlə qocalar evlərində ilk yoluxma halları qeydə alınıb.

Hazırda Almaniyada virusa yoluxanların ortalama yaşlarının aşağı olmasına Almaniyada digər ölkələrlə müqayisədə daha genişmiqyaslı testlərin aparılması səbəb ola bilər.

“Burada yüngül simptomları olan insanlarda virus asanlıqla aşkar olunur, digər ölkələrdə isə bəzən yalnız xəstəxanada ağır vəziyyətdə olan xəstələr test olunur”, o deyib.

Hazırda Almaniya hər həftə 500 min test keçirə bilir və bu səbəblə də orada yüngül simptomları olan və koronavirus xəstələri ilə əlaqədə olmayan insanlar belə testdən keçir.

XS
SM
MD
LG