Accessibility links

Almaniyada azərbaycanlı mühacir problemi - deputatın və siyasi mühacirin baxışları


Miqrantlar
Miqrantlar

Siyasi mühacir Yafəz Əkrəmoğlu və Milli Məclisin deputatı Asim Mollazadənin Amerikanın Səsinə müsahibəsi

Noyabrın 14-də 61 nəfər azərbaycanlı miqrant Almaniyadan Azərbaycana qaytarılıb. Ekspertlər gələcəkdə bu ölkədən Azərbaycana daha çox miqrantın qaytarılacağını bildirir. Belə ki, Almaniyada Azərbaycandan insanların qanunsuz miqrasiyası ilə bağlı cinayət işi başlanılıb. Bir sıra evlərdə, ofislərdə axtarışlar apaılıb, iki nəfər saxlanılıb.

Şpigel jurnalının məlumatında da deyilir ki, alman polisi çoxsaylı obyektlərdə axtarışlar aparıb və Azərbaycan vətəndaşları saxlanılıb.

Müşahidəçilərin fikrincə, Almaniyadakı mütəşəkkil qrup Azərbaycandakı bəzi müxalif siyasi partiyaların və polisin adından saxta sənədlər tərtib edərək pul müqabilində miqrantlara verib.

Bir il əvvəl miqrantlara verilən saxta sənədlərlə bağlı Azərbaycanda da bir sıra partiya funksionerləri Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

Problem bu gün də aktual olaraq qalır və sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Hətta Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb..

İnsanların Azərbaycandan mühacirətə getməsinin səbəbləri və saxta sənədlərlə siyasi mühacir statusu almağa cəhd problemləri ilə bağlı Almaniyada siyasi mühacir, araşdırmaçı jurnalist Yafəz Əkrəmoğlunun və Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadənin Amerikanın Səsinə müsahibəsini təqdim edirik.

Yafəz Əkrəmoğlu
Yafəz Əkrəmoğlu

Yafəz Əkrəmoğlu: İşbazlar siyasi mühacir alveri ilə məşğuldur

Almaniyada siyasi mühacir, araşdırmaçı jurnalist Yafəz Əkrəmoğlu Amerikanın Səsinə müsahibəsində bildirib ki, Almaniyadan Azərbaycan vətəndaşlarının deportasiyası artacaq.

“Azərbaycandan Almaniyaya miqrasiya edən azərbaycanlıların demək olar ki, 95 faizi siyasi sığınacaq istəyir. Onlar siyasi sığınacaq üçün səbəblər təqdim etməlidir. Son zamanlar bu şəxslərin demək olar ki, hamısına miqrasiya idarələri mənfi cavab verir. Mənfi cavab alanların məhkəməyə müraciət etmək hüququ var. Beləliklə, proses iki-üç ilədək davam edir. Məhkəmə şəxsi siyasi mühacir kimi tanımadıqdan sonra ona ölkəni tərk etməsi barədə xəbərdarlıq məktubu göndərilir. Şəxs ölkəni könüllü tərk etmədiyi halda məcburi şəkildə deportasiya edilir,” o qeyd edib.

Jurnalist hesab edir ki, azərbaycanlıların Almaniyaya mühacirəti əsasən iqtisadi səbəblərlə bağlıdır.

“Siyasi səbəblərlə mühacirət edənlər bəlkə də ümumi mühacirlərin bir faizini təşkil edir.”

Əkrəmoğlunun dediyinə görə, Almaniyaya azərbaycanlıların mühacirət etməsi işlərini əsasən Almaniyadakı işbazlar həll edir.

Burada kimdən soruşursan, necə gəlibsən? Deyir evimi satdım verdim işbazlarara, onlar viza düzəltdilər gəldim Almaniyaya.
Yafəz Əkrəmoğlu, siyasi mühacir


“İşbazlar siyasi mühacir alveri ilə məşğuldurlar. Azərbaycanda iqtisadi durum yaxşı olmadığından insanlar ölkəni tərk etmək istəyir. Bu isə işbazlar üçün bazardır. İşbazlar insanları daha da şirnikləndirir, - bura gələn kimi ev verirlər, avtomobil verirlər, pul verirlər və sair. Bu yolla insanları `qarmağa salıb` Almaniyaya gətirirlər. Deyilənlər Almaniyada yüz faiz olmasa da, əlli faiz var. İşbazlar bunu daha da şişirdir. Qarmağa düşən insanlardan sonra viza və digər xərclər üçün 3-5 min avro pul tələb edirlər. Pul müqabilində mühacirlərə saxta səndələr verirlər. Burada kimdən soruşursan, necə gəlibsən? Deyir evimi satdım verdim işbazlarara, onlar viza düzəltdilər gəldim Almaniyaya. İşbazlar insanları elə aldadırlar ki, guya Almaniyaya gələn kimi onlara oturum izni verəcəklər. Bura gələndən sonra başa düşürlər ki, siyasi mühacir olmayanlara status vermirlər. İndi siyasi qaçqın olduğunu sübut etməlisən. İşbazların əlində isə saxta sənədlər var, yəni polisin, siyasi partiyaların arayışları, vəsiqələri var. Burada saxta arayış hazırlayırlar partiya və polisin adından ki, guya təzyiqə məriz qalıblar. Burada işbazların möhürləri də var, möhürləyirlər. Bunun üçün də əlavə 3-5 min avro alırlar. Doğrusu iki il əvvələdək saxta arayışlar burada keçirdi. İndi həmin sənədlərin saxta olduğunu bilirlər və bu ilin fevralından Müsavat Partiyası adından siyasi partiya sənədi təqdim edənlərin hamısına neqativ cavab verirlər. Mən özüm Müsavat Partiyasının üzvüyəm, onların heç birini tanımıram. Hər il 200-300 nəfər belə arayış təqdim edir. Kimdi bunlar?” o sual edir.

Asim Mollazadə
Asim Mollazadə

Asim Mollazadə: Miqrasiyanın səbəbi daha rahat həyat axtarışıdır

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Amerikanın Səsinə müsahibəsində bildirib ki, insanların miqrasiya etməsinin müxtəlif səbəbləri ola bilər.

“Çox vaxt bu səbəblər, bəlkə də iqtisadi-sosial problemlərlə bağlıdır. Daha yaxşı, daha rahat həyat axtarışıdır. Bu mənada Almaniya insanlara böyük sosial dəstək verir. Buna görə də Almaniya bir çox ölkələrdən olan mqirantlar üçün hədəfə çevrilib. Afrika, Asiya, keçmiş SSRİ ölkələrindən bu ölkəyə miqrantların axını müşahidə olunur. Bu siyahıda Azərbaycan da var,” o qeyd edib.

Deputat təəssüflə deyib ki, Azərbaycandan Almaniyaya gedənlər qanunları pozub.

“Almaniya xüsusi xidmət orqanları bu şəbəkəni ifşa edərək onları Azərbaycana deportasiya edib.”

“Azərbaycan rəsmiləri ölkədə bütün azadlıqların təmin edildiyini, işsizliyin hətta Avropa ölkələrindən də aşağı səviyyədə olduğunu bildirir. Belə olan halda insanlar ölkəni niyə tərk edir?” sualının cavabında Mollazadə deyib ki, “insanlar fərqli olur, bəlkə də kim isə işləmək istəmir, asan yol axtarır.”

“Elə isə, insanlar ölkəyə hansı səbəbdən qayıtmaq istəmir? Hətta Almaniyada deportasiya zamanı özünə qəsd edənlər olub”, - sualının cavabında deputat deyib: “Belə emosional hallar deportasiya təhlükəsi ilə üzləşən bir çox insanlarda olur,” o qeyd edib.

“Bir sıra ekspertlər insanların ölkəni tərk etməsinin səbəbi kimi siyasi azadlıqların olmamasını göstərir. Siz necə düşünürsünüz?” - sualına cavabda Mollazadə deyib ki, Almaniyada qanunu pozan insanların əksəriyyəti siyasi partiya üzvü deyil.

“Sadəcə, onlar hasısa siyasi partiyanın saxta sənədi ilə Almaniyada siyasi mühacir kimi yerləşə biliblər. İndi də müəyyənləşib ki, onların heç bir siyasi əlaqələri yoxdur.”

Deputat hesab edir ki, ölkəyə qaytarılan şəxslərin özləri istəsələr, hər zaman işlə təmin edilə bilərlər.

Müsavat Partiyası
Müsavat Partiyası

Müsavat Partiyası təkzib edir

Müsavat Partiyası mühacirətdə olan partiya üzvlərinə qarşı cinayət işi qaldırılması, onların saxlanılnması və partiya funksionerlərinin saxta sənədlər verməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

"Müsavat Partiyası qanunsuz miqrasiya və saxta sənədlərin verilməsi ilə bağlı obyektiv araşdırmaların aparılmasında maraqlıdır. Əgər Almaniya polisinin həyata keçirdiyi əməliyyat nəticəsində hər hansı bir Müsavat Partiyası üzvünün qanundan kənar fəaliyyəti aşkar olunarsa, həmin şəxslər buna görə fərdi məsuliyyət daşıyacaq. Bununla yanaşı, Müsavat Partiyası da bu halda həmin şəxslərlə bağlı adekvat tədbirlər görəcək," Müsavat Partiyasının açıqlamasında deyilir.

Müsavat Partiyasının İcra aparatının rəhbəri Gülağa Aslanlı Amerikanın Səsinə bildirib ki, deportasiya olunan 61 nəfəridən ikisinin Müsavat Partiyasının üzvü olduğunu ehtimal edir.

"Hələ deportasiya olunanların ad və familiyaları rəsmi qurumlar tərəfindən açıqlanmadığından onlar arasında partiya üzvlərinin olduğunu dəqiq deyə bimərəm," o qeyd edib.

XS
SM
MD
LG