Accessibility links

Almaniyadakı daşqınlarda azı 100 nəfər ölüb


Qərbi Almaniyanın rəsmiləri şiddətli yağışların və güclü daşqının nəticəsində ən azı 100 nəfərin öldüyünü, mindən çox insanın itkin düşdüyünü deyib.

"Bəzi bölgələrdə 100 ildə bu qədər yağış görməmişdik" – deyə, Almaniya hava xidmətinin sözçüsü Andreas Fridrix CNN-ə bildirib.

Almaniya yayım şirkəti Deutsche Welle ölümlərin çoxunun Şimali Reyn-Vestfaliya və Reynland-Pfalzda olduğunu, 1300 nəfərin Reynə tökülən Ahr çayının sahildən çıxdığı Bonnun cənub-qərbindəki Ahrveyler bölgəsində itkin düşdüyünü deyib.

Bölgənin bir hissəsində telefon və internet bağlantısının aşağı olması xilasetmə əməliyyatlarını çətinləşdirib. Rəsmilər daşqının eyni zamanda Reyn çayı üzərindəki dəmiryol xətlərini və nəqliyyatı da sıradan çıxardığını deyir.

Bölgənin havadan çəkilmiş videolarında evlərin, eləcə də yolların və körpülərin məhv olduğu görünür. Cənubi Ahrveyler mahalında olan Şuldda polis bir neçə evin çökdüyünü bildirir. Rəsmilər digər tikililərin də çökmə təhlükəsi ilə üzləşdiyini bildirirlər.

Təcili yardım işçiləri və əsgərlər, bəziləri damlarda qalmış insanları xilas etmək üçün əraziyə göndərilib.

Belçika, Lüksemburq, Fransa və Niderlandda da güclü selin olduğu bildirilib.
Prezident Co Baydenlə görüşmək üçün ABŞ-da səfərdə olan Almaniya kansleri Angela Merkel etdiyi açıqlamada dəymiş ziyan və insan itkisinin dərəcəsindən sarsıldığını bildirib və ölənlərin ailələrinə başsağlığı verib.

Şimali Reyn-Vestfaliyanın Baş naziri Armin Laşet bölgəni ziyarət edərkən jurnalistlərə açıqlamasında rəsmilərin daşqınlar nəticəsində nə qədər qurban olduğunu dəqiq bilmədiklərini deyib. Laşet Merkelin vəzifəsini tutmağa çalışan mühafizəkar namizəddir.

XS
SM
MD
LG