Almaniya rəsmi Bakı ilə Azərbaycanda Almaniya siyasi fondlarının fəaliyyətinin bərpa olunmasını müzakirə edir və müsbət nəticələrə ümid bəsləyir.
Bu barədə Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab aprelin 23-də mətbuat konfransında deyib.
"Fridrix Ebert və Fridrix Nauman fondlarının (bir neçə il öncə Azərbaycan hakimiyyətinin tətbiq etdiyi məhdudiyyətlər səbəbindən işini dayandırıb) qaytarılması müzakirə olunurmu?" sualına səfir müsbət cavab verib.
"Əlbəttə, biz istərdik ki, Almaniya siyasi fondlarının fəaliyyəti bərpa olunsun. Bununla bağlı danışıqlar aparırıq. Çox istəyirik və ümid edirik ki, müsbət nəticə əldə olunacaq", o vurğulayıb.
Səfir Almaniyanın Azərbaycan və Avropa İttıfaqı arasında imzalanacaq sazişə dair danışıqları dəstəklədiyini bildirib.
Biz istərdik ki, Almaniya siyasi fondlarının fəaliyyəti bərpa olunsun. Bununla bağlı danışıqlar aparırıq. Çox istəyirik və ümid edirik ki, müsbət nəticə əldə olunacaq.Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab
"Biz ümid edirik ki, danışıqlar uğurla yekunlaşacaq. Bu saziş imzalandıqdan sonra Azərbaycan və Aİ arasında əlaqələrin daha da inkişafına təkan veriləcək", o bildirib.
"Azərbaycan və Aİ arasında "açıq səma" prinsipini nəzərdə tutan aviasiya sazişinin imzalanması Azərbaycana turist axınına da yardım edəcək," səfir Mixael Kindsqrab mətbuat konfransında bildirib.
İki ölkə arasında turizmin inkişafını şərh etməsilə bağlı suala cavab olaraq o deyib ki, Azərbaycan səyahət üçün gözəl ölkədir. Lakin yalnız son 4 ildə turizmin inkişafına lazımi diqqət yetirilir. Belə qısa müddətdə nəticələri qiymətləndirmək çətindir.
O, qonşu Gürcüstanı nümunə göstərib. Sıfırdan başlayaraq turizmin inkişaf strategiyasını qəbul edib və indi böyük irəliləyişə nail olub.
"Bu yöndə addım-addım irəliləmək lazımdır, ancaq ardıcıl olaraq", səfir əlavə edib.
O, viza prosedurlarının sadələşdirilməsini mühüm məqam adlandırıb. Bundan əlavə, Aİ ilə ümumi aviasiya məkanı haqda saziş turizmin inkişafına təkan və töhfə verəcək.
"Bildiyim qədərilə saziş üzrə danışıqlar hazırda intensivləşdirilib", səfir vurğulayıb.
Mixael Kindsqrab Dağlıq Qarabağ münaqişəsinə də toxunub.
O deyib ki, Almaniya Qarabağ münaqişəsində status-kvonun saxlanmasını qəbuledilməz sayır.
"Biz münaqişənin dinc yolla nizamlanması üzrə danışıqlara çağırırıq və ATƏT-in Minsk Qrupunun, ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsinin bu yöndə səylərini dəstəkləyirik. ATƏT-in Minsk Qrupu çərçivəsində bütün prosesləri, Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin, həmçinin iki ölkə xarici işlər nazirlərinin görüşlərini diqqətlə izləyirik," səfir bildirib.
O ümidvar olduğunu bildirib ki, bu proses çərçivəsində konkret nəticələrə nail olunacaq.