Accessibility links

Altay Göyüşov: Azərbaycan hökuməti onu böhrana gətirib çıxarmış yolu davam etdirir


Altay Göyüşov: Azərbaycan hökuməti onu böhrana gətirib çıxarmış yolu davam etdirir
please wait

No media source currently available

0:00 0:24:20 0:00

Beynəlxalq ictimaiyyət Azərbaycanda 14 iyul yürüşündən sonra müxalifət üzvlərinin həbslərinə münasibət göstərməyə davam edir. Avropa Şurası Parlament Assambleyasının məruzəçısı Stefan Şennak Azərbaycanda kütləvı həbslərlə bağlı narahatlığını bildirib. Bu həftə Amnesty International təşkilatı açıqladığı bəyanatda Azərbaycan hökumətini siyasi motivli təqiblərə son qoymağa çağırıb. Avropa Parlamentində Sosialistlər və Demokratlar qrupu Azərbaycanda müxalifət üzvlərinin həbslərinə görə cavabdeh olan rəsmilərə qarşı Maqnitski sanksiyalarının tətbiq edilməsinə çağırıb. Tarixçi alim Altay Göyüşöv Amerikanın Səsinə müsahibəsində Azərbaycanda müxalifət üzvlərinin kütləvi həbsləri və buna beynəlxalq reaksiyalar haqda danışıb.

“Mən hesab edirəm ki, Azərbaycanda siyasi cəhətdən çox ciddi bir böhran var idi və əslində həmin o seçkilərdə (fevral ayında keçirilmiş növbədənkənar parlament seçkiləri – red.) Azərbaycan hökumətinin o düşdüyü böhrandan çıxmaq üçün bir şansı yaranmışdı. Amma təssüflər olsun ki, Azərbaycan hökuməti o şansdan yararlanmadı. Uzun illər onu böhrana gətirib çıxarmış yolunu davam etdirmək qərarına gəldi. Bu isə Azərbaycanda böhrandan çıxmaq üçün yox, o böhranı daha dərinləşdirmək üçün aparan yoldur”, Altay Göyüşov bildirib.

Onun bildirdiyinə görə, Azərbaycan hökumətinin vəziyyətdən çıxmaq üçün adekvat addımlar atmaması daxildə narazılığa və Qərb ölkələri üçün strateji əhəmiyyətə baxmayaraq, xaricdə dəstəyin azalmasına gətirib çıxara bilər.

14-15 iyul hadisələri təkcə Qarabağ məsələsi deyildi. O eyni zamanda, camaatın içərisində yığılmış o narazılığın müəyyən dərəcədə meydana çıxması idi.

“Azərbaycan hökuməti strateji cəhətdən Qərbə lazım olan hökumətdir. Müxtəlif məsələlər var. Neft var, İran qonşuluğu var, Rusiya qonşuluğu var. Strateji cəhətdən çox vacibdir. Amma Qərb ölkələrinin bir limiti var. Yəni hər şeyə dözə bilməz. İndi faktiki olaraq Azərbaycan hökuməti atdığı addımlarla o səbri tarıma çəkir. Vəziyyəti çətinləşdirir. Və bu yolla davam etdirəcəksə, bu, Azərbaycan hökumətinin ömrünü azalda bilər. Təəssüf ki, bu, eyni zamanda, Azərbaycanda çox ciddi problemlər yarada bilər. Mən deyərdim ki, Azərbaycan hakimiyyətinin bu yaranmış böhran...14-15 iyul hadisələri təkcə Qarabağ məsələsi deyildi. O eyni zamanda, camaatın içərisində yığılmış o narazılığın müəyyən dərəcədə meydana çıxması idi. Qarabağ məsələsi bir qığılcım rolunu oynayır. Bütün proseslərdə, inqilablarda hansısa bir hadisə bir qığılcım rolunu oynayır, amma o qığılcım daha böyük proseslərin ayaq almasına, yeriməsinə, böyüməsinə, böyük proseslərə gətirib çıxarır. Ona görə də mən hesab edirəm ki, bu, 14-15 iyul hadisələri bir növ hökumət üçün bir siqnal olmalıdır. Aydın məsələdir ki, orduya verilən dəstək idi, aydın məsələdir ki, bu, Qarabağ məsələsi ilə ilk növbədə əlaqədar idi. Amma hadisələri dərindən izləyəndə görürsən ki, o eyni zamanda, camaatın o tarıma yığılmış əsəblərinin meydana çıxması idi ki, o əsəblər son zamanlar müxtəlif səbəblərdən korlanıb. İqtisadi vəziyyət, koronavirus və s... İstər daxildə bu, camaatın narazılığının sonda partlamasına gətirib çıxara bilər. İstərsə də xaricdə beynəlxalq təşkilatların, ümumiyyətlə bu hökumətə uzun müddət dəstək vermiş, arxasında durmuş və s. böyük dövlətlərin bu hökumətin arxasından çəkilməsinə gətirib çıxara bilər.”

Altay Göyüşov “vəziyyətdən çıxmaq üçün” siyasi məhbusların azad edilməsi və demokratik parlament seçkilərinin keçirilməsi kimi addımların atılmalı olduğunu bildirib.

“Birincisi, Azərbaycanda şərlənib tutulmuş bütün siyasi məhbuslar qeydsiz, şərtsiz, təcili şəkildə buraxılmaldır. İkinci vacib ondan ibarətdir ki, dərhal Azərbaycanın əsas müxalifət partiyaları ilə, Müsavat, AXCP, lap REAL, bunların hamısı ilə nəhayət ki, Azərbaycanda yaranıb yığılmış problemlərin həlli üçün əməli addım atmaq lazımdır. Bu əməli addım mənim fikrimcə, ilk növbədə, ölkədə demokratik parlament seçkilərinin keçirilməsi ola bilər.”

Altay Göyüşov son iki ildə Azərbaycan hökumətinin islahat kimi təqdim etdiyi addımlardan danışaraq deyib ki, hakimiyyət “həqiqi islahatlara getmək üçün özündə güc tapmır”. O bu səbəbdən “sistemdə fundamental dəyişikliklər”in baş vermədiyini bildirib.

Ekspertlər dünyanın ölkələrində bəzi hökumətlərin pandemiyadan müxalif və tənqidi səsləri susdurmaq üçün istifadə etdiyini qeyd edirlər. Dünya ölkələrinin 500-dən çox keçmiş lideri və Nobel mükafatı laureatlarının imzaladığı açıq məktubda pandemiya dövründə dünya ölkələrində avtoritar meyllərin güclənməsi və avtoritarizmin liberal demokratiyaları təhlükə altına ala biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

“Böhran iki vacib məsələni meydana qoydu. Birincisi, hətta demokratiyaların özlərindəki problemləri də açıq şəkildə meydana qoydu ki, yəni o problemlər var. Amma biz eyni zamanda bilirik ki, demokratiyaların içərisində o mexanizm də var ki, böhran həm mənfi cəhətləri üzə çıxarır, həm də eyni zamanda cəmiyyətin o mənfi məsələlər üzərində fokuslanmasına imkan verir, potensialını meydana qoymasına imkan verir və bu potensial meydana çıxandan sonra problemlərin uzunmüddətli həlli üçün yollar axtarılır və demokratik şəraitdə bu yollar axtarılır tapılır. Mən tamamilə razıyam ki, bu şəraitdə avtoritar dövlətlər o soyuq müharibə ənənəsində özlərinin mövqelərini gücləndirmək üçün bundan sui-istifadə etməyə çalışacaqlar. Amma perspektiv olaraq mən hesab edirəm ki, bu böhran o yaxşıların da öz potensialını cəmləməsinə və çağırışlara cavab verməsinə toparlanmasına və sonda xeyirin şər üzərində qələbəsinə gətirib çıxaracaq”, Altay Göyüşov bildirib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG