Accessibility links

Azərbaycanda bərpa olunan enerji mənbələri və dünya təcrübəsi [Video]


Enerji, bərpa olunan mənbələr və dayanıqlıq" mövzusunda konfrans keçirilib
Enerji, bərpa olunan mənbələr və dayanıqlıq" mövzusunda konfrans keçirilib

ABŞ səfirliyi “Enerji, bərpa olunan mənbələr və dayanıqlılıq” konfransına sponsorluq edib

ADA Universitetində "Enerji, bərpa olunan mənbələr və dayanıqlılıq" mövzusunda konfrans keçirilib. Yer kürəsi gününə həsr olunmuş 7-ci illik konfransa ABŞ-ın Azərbaycandakı səfirliyi sponsorluq edib. Konfrans AmCHam, ADA Universiteti, Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Amerika Məzunlarının Avropa Şəbəkəsi Assosiasiyası və ABŞ Təhsilli Azərbaycan Məzunları tərəfindən təşkil edilib.

Konfransda ekoloji cəhətdən təmiz iqtisadiyyata keçid, ətraf mühitin təmizlənməsi ilə bağlı qanunvericilik və qanunların tələblərinə əməl edilməsi, ekoloji cəhətdən təmiz metodlarla əldə edilən enerjinin təşviqi və bu sahədə maarifləndirməyə həsr olinmuş çıxışlar dinlənilib. Forumda həmçinin bərpa olunan enerji sahəsində uğurlu tədqiqatlar aparmış və müvəffəqiyyət qazanmış ölkələrin təcrübəsindən danışılıb.

“Bərpa olunan enerji hər zaman Azərbaycan iqtisadiyyatı üçün önəmli olmalıdır. Bu məsələ hazırda ABŞ-da aktualdır və Azərbaycan da bu ölkənin təcrübəsindən istifadə etməlidir”, ADA Universitetinin rektoru Hafiz Paşayev qeyd edib.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov ölkədəki siyasi-iqtisadi durum və siyasi iradənin bu sahənin inkişafına təkan verdiyini bildirib.

"Hazırda üç istiqamətdə layihələr reallaşdırırıq. Onlardan biri də "bir ev-bir stansiya" layihəsidir. Analoji stansiyalar 19 müəssisə və evdə tətbiq edilir. Biz ABŞ-ın Enerji Agentliyi ilə də əməkdaşlıq edirik. Bu gün biz Amerika texnologiyalarını Azərbaycana gətirmək, həmçinin, bununla ucuz kreditləri Azərbaycana gətirmək istəyirik”, o qeyd edib.

Akim Bədəlov
Akim Bədəlov

Bədəlov Amerikanın Səsinin sualının cavabında deyib ki, Bakıda Pirallahı elektrik stansiyası dəniz üsulu ilə həyata keçirilsə dəyəri 1 mlrd. dollar olacaq. Amma hazırda tətbiq edəcəyimiz üsulla bu layihə 450 mln. dollara başa gələcək. Məqsədimiz dövlət xərclərini azaltmaqdır. Ona görə investisiya şirkətlərini cəlb edirik. Çin və başqa ölkələrin şirkətləri buna maraq göstərir".

Onun sözlərinə görə, Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri üzrə ikinci dövlət proqramı hazırlanır.

A.Bədəlov qeyd edib ki, yaxın vaxtlarda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ilə əməkdaşlığa dair sənəd imzalanacaq.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta hesab edir ki, bərpa olunan enerjiyə sərmayə qoymaq faydalıdır.

“Enerji istehsalı zamanı ətraf mühitə təsirləri nəzərə alınmalıdır. Hazırda qlobal enerjinin 30 faizi günəş və külək vasitəsi ilə əldə edilir. Son ildə alternativ enerji sahəsinə 350 milyard dollar vəsait cəlb edilib. Bu il yalnız günəş enerjisinə sərf olunan xərclər 20 faiz artıb”, R.Sekuta qeyd edib.

"BP-Azerbaijan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib ki, onun təmsil etdiyi şirkət ekoloji tarazlığın qorunmasına böyük əhəmiyyət verir.

"Enerji uzunmüddətli biznes sahəsidir və davamlı inkişafın əvəzolumaz hissəsidir. BP şirkəti daim diaktiv tullantıları azaltmağa çalışır. Biz alternativ enerji layihələrinə də uzunmüddətli perspektiv kimi baxırıq”, B. Aslanbəyli qeyd edib.

Bərpa Olunan Enerji üzrə Amerika Şurasının vitse-prezidenti Tom Veyriç bildirib ki, Azərbaycan və ABŞ arasında bərpa olunan enerji mənbələri üzrə davamlı əməkdaşlıq hər iki ölkə üçün faydalı olacaq.

"Bərpa olunan enerji sahəsinin inkişafında Azərbaycan və ABŞ arasındakı əməkdaşlığı alqışlayıram. ABŞ tərəfindən Azərbaycana bu istiqamətdə atılan addımlarda dəstəyi qeyd etmək istəyirəm. Bu istiqamətdə davamlı olan əməkdaşlıq hər iki dövlət üçün faydalı olacaq".

O, bərpa olunan enerjinin əhəmiyyətindən danışarkən deyib ki, bu sahənin inkişafı digər istiqamətlərdə də imkanlar yaradır.

"Bu, həm də yeni nəsil üçün vacibdir. Azərbaycan bu sahədə qloballaşan dünyanın bir üzvünə çevrilməkdə davam edə bilər. Bu baxımdan da çoxsaylı imkanlar təqdim olunur", Veyriç qeyd edib.

Azərbaycanda bərpa olunan enerji mənbələri və dünya təcrübəsi
please wait

No media source currently available

0:00 0:03:37 0:00

XS
SM
MD
LG