Alyaska Birləşmiş Ştatların ən böyük ştatlarından biri olsa da, əhalisinin sayı ən kiçik ştatdakı qədərdir. Bu ştatın beşdə dörd hissəsinə yalnız hava yolu ilə getmək olar. Kiçik təyyarələr olmasa kiçik yaşayış məntəqələri tamamilə təcrid olunmuş olardı.
Berinq Boğazında yerləşən Kiçik Diomid adası Rusiya ilə Alyaska arasındadır. Rusiya Alyaskanın Kiçik Diomid adasından aydın görünür. Bura Birləşmiş Ştatlar ərazisidir. Lakin buradan cəmi 4 km-lik məsafədə Rusiyanın Böyük Diomid ərazisi yerləşir. Rusiya ərazini Ratmanov adası adlandırır.
Əvvəllər qış aylarında Kiçik Diomidin buz bağlamış eniş xəttinə kiçik təyyarələr enərdi. Lakin son illər buzun səthi nazikləşdiyinə görə, buraya yalnız vertolyot enə bilir.
Hərbi Hava Qüvvələrinin sabiq pilotu Mayk Kutyba Kiçik Diomidə son 8 ildir hava əlverişlidirsə həftədə iki dəfə gəlir. “Bura hələ də çox ucqar yer olaraq qalır. Ağcaqanadlardan başqa heç bir canlının olmadığı bu məntəqələr arasında məsafə olduqca böyükdür. Özümüzü dəstəkləmək məcburiyyətində qaldığımız bir şərait yaransa, xilas olmaq üçün avadanlıq və səkkiz gün davam gətirmək üçün ərzaqımız var" - deyə, Mayk Kutyba bildirir.
Kiçik Diomiddə İnopiad ya da İnaliq adlı kənd var. 2018-ci ildə bu yeddi kvadrat kilometr sahəsi olan adada təxminən 80 nəfər yaşayıb. Adada demək olar ki heç bir bitki yoxdur və bu qəribə deyil, çünki bu ada əsasən qranit və kvarsdan ibarətdir. Buranın yerli sakinləri isə Rusiyanın hərbi bazasının yerləşdiyi Böyük Diomiddən köçüb gəlib. Diomid Qəbilə Şurasının prezidenti Robert Suluk: “Həftənin 7 günü, 24 saatı biz onları, onlar bizi izləyir.”
Bu iki ada arasında, Berinq Boğazında ABŞ-Rusiya sərhədi və beynəlxalq keçid var. Əgər kimsə Kiçik Diomiddən Böyük Diomidə keçmək istəyirsə, həmin şəxs orada 21 saat fərqlə, yəni bir gün sonra olmuş olacaq. Ona görə də belə səfərlər məsləhət görülmür. “Bizə xəbərdarlıq edilir. Atəş səsləri kimi səslər gəlir. 50 çaplı silahdan atılan kimi” - deyə, Robert Suluk bildirir.
Son bir neçə yüz ildə Kiçik Diomiddə böyük dəyişikliklər baş verməyib. Burada nə yollar var, nə avtomobillər, nə də kanalizasiya sistemi. Robert Soolok: “Ənənəvi olaraq yaşayırsansa, Kiçik Diomiddə heç pul da gərək deyil. Qəhvə və şəkərdən başqa burada hər şey var. Burada öz suyumuz, öz ərzaq mağazamız var. Burada quş yumurtasından istifadə edilir. Yay mövsümündə burada milyonlarla quş yuva salır. 30-40 növ quş var. Qış mövsümündə isə biz suiti və ağ ayı ovlayırıq.”
Pilot Mayk Kutyba adada qalmır, hava dəyişkən olduğu üçün o gətirdiyi təchizatı boşaldır və geri qayıdır. Qısa ziyarətlərinə baxmayaraq, Mayk və onun mexaniki Simon bu kiçik, təcrid olunmuş adada sevinclə qarşılanır.