Tramp administrasiyası Birləşmiş Ştatların cənub sərhədini müşayiət olmadan keçən uşaqlar da daxil olmaqla, ölkəyə gələn sənədsiz miqrantların yerləşdirilməsində kömək üçün ABŞ hərbi qüvvələrinə müraciət edib. Pentaqon üçün bu müraciət yenilik deyil.
“Müdafiə Nazirliyi missiyanın yerinə yetirilməsində onlara kömək üçün uzun zamandır agentliklərarası tərəfdaşlara yardım göstərir”, Pentaqonun sözçüsü Tom Krosson Amerikanın Səsinə bildirib.
Obama administrasiyası dövründə ABŞ-ın Sərhəd Patrul xidmətinin saxladığı təxminən 16 min sənədsiz uşaq beş hərbi bazada yerləşdirilmişdi.
Bunlar Texasda San Antonio hərbi bazasının bir hissəsi olan Lakland Hərbi Hava Qüvvələrinin Bazası, Kaliforniyada Ventura dairəsində Hərbi Dəniz Qüvvələrinin Bazası, Oklahomada Fort Still, Nyu Meksikoda Holloman Hərbi Hava Qüvvələrinin Bazası və Texasda hazırkı administrasiyanın minlərlə saxlanmış miqrantın yerləşdirilməsi üçün seçdiyi iki bazadan biri olan Fort Bliss bazasıdır.
Obama admnistrasiyası dövründə Uşaq, Gənclər və Ailələr İdarəsinin rəhbəri olmuş Mark Qrinberq deyib ki, onun departamenti sərhədə “çox sayda və gözlənilmədən gələn uşaqların” yerləşdirilməsi üçün bir neçə dəfə hərbi qüvvələrə müraciət edib.
“Müşayiət edilmədən hər ay sərhədə gələn 2000-3000 uşağın sayı ayda 10 minə çatmışdı”, deyə o bildirib.
Səhyyə və İctimai Xidmətlər Departamentinin bildirdiyinə görə, ABŞ sərhədini qeyri-qanuni keçmiş 11 min miqrant uşaq Birləşmiş Ştatların 14 ştatında təxminən 100 standart sığınacaqda yerləşdirilib.
Bu sığınacaqlr dolanda baha başa gələn müvəqqəti sığınacaqların qurulmasına ehtiyac olur.
Əlavə sığınacaqların yaradılmasına çağırış Birləşmiş Ştatlar sərhədini qeyri-qanuni keçən miqrantların sayının 2000-ci ildə 1.6 milyondan keçən il 304 minə düşdüyü vaxt edilir.
Bununla belə, əvvəllər əsas etibarilə Meksikadan gələn miqrantlardan ibarət olan insan axınının böyük hissəsini hazırda Mərkəzi Amerikadan gələn ailələr və müşayiətsiz uşaqlar təşkil edir.
Sərhədə gələn ailələrin sayı 2012-ci ildə 3 faizdən 2014-cü ildə 14 faiz, 2018-ci ildə isə 24 faizə yüksəlib. Bununla yanaşı müşayiətsiz sərhədə gələn uşaqların sayı 2012-ci ildə 7 faiz, keçən il isə 13 faiz təşkil edib.
Pentaqona müraciət
ABŞ Müdafiə Nazirliyi ölkə boyu geniş ərazilərə malik olduğu üçün bir sıra hallarda miqrant axını ilə əlaqədar köməyə çağırılır. Lakin miqrantların yerləşdirilməsi üçün həmin yerlərin seçilməsinin səbəbi təkcə bununla izah edilmir.
İstər qaçqın olsun, istər saxlananlar, ya da məcburi köçkünlər onların sağlamlığı və rifahı bir nömrəli prioritetdir.Ordu generalı Li Reynolds
Miqrantlar üçün standart sığınacaqlar üçün ştat səviyyəsində lisenziya alınmalıdır, hərbi bazalar da daxil olmaqla federal obyektlər üçün isə bu tələb olunmur. Bunun nəticəsində administrasiya rəsmiləri hər ay lisenziya prosesi ilə qarşılaşmalı olmur.
2016-cı ildə Fort Bliss bazasında miqrant uşaqlar yerləşdirildikdə Obama administrasiyasının rəsmisi Amerikanın Səsinə bildirmişdi ki, bazadakı baraklar tez zamanda istifadə üçün hazır edilmişdi.
“Əlavə çarpayılara ehtiyac olduqda biz müvəqqəti olaraq barakların yanında əlavə konstruksiyalar qururduq”, o bildirib.
Tramp administrasiyası Fort Bliss və Texasda hərbi hava qüvvələrinin bazasının ərazisindən “obyektlərin qurulması” üçün istifadə edilməsi haqda müraciət edib.
Qaçqınlar üçün sığınacaqlar
Sərhəddə saxlanan miqrantlarla yanaşı, hərbi qüvvələrin bazalarından 1990-cı illərin sonlarında Kosovodan 20 min qaçqının (Nyu Cersi ştatındakı Fort Diks hərbi bazası) və 1970-ci illərdə Vyetnamdan gələn 110 min qaçqının (Quamdakı Anderson Hərbi Hava Qüvvələrinin bazası) yerləşdirilməsində isifadə edilmişdi.
Təqaüddə olan ordu generalı Li Reynolds 1990-cı illərdə Kosovo qaçqınları üçün sığınacaq kimi istifadə edilmiş Fort Diks bazasında çalışırdı. Onun bildirdiyinə görə, hərbçilər bazadakı qaçqınların ehtiyacalarını qarşılamaq üçün mümkün hər şeyi edirdi.
“İstər qaçqın olsun, istər saxlananlar, ya da məcburi köçkünlər onların sağlamlığı və rifahı bir nömrəli prioritetdir”, o, Amerikanın Səsinə bildirib.
Fort Diks bazasında ABŞ əsgərləri qaçqın ailələri və icmalarının bir yerdə olmasını təmin etmək üçün mümkün qədər çalışırdı. Li Reynolds deyib ki, hərbi qüvvələrin nümayəndələri icmaların böyükləri ilə hər gün görüşüb, onların bazada qaldığı müddətdə meydana çıxan hər hansı problemini müzakirə edirdi.
O, Kosovo qaçqınlarının qaldığı müddətdə bir əhvalatı xatırlayır. Əsgərlər kosovoluların çox süd içdiklərini görüb bazaya əlavə süd gətirmiş, lakin görmüşlər ki, qaçqınlar südü içməyib. “Biz nəhayət onlardan soruşduq ki, niyə bu südü içmirsiniz, onlar da dedi ki, çünki sizin süd su kimidir”, Reynolds deyib.
Bu kimi mədəni fərqlər aşkar edildikdən sonra hərbi qüvvələr qaçqınların istəklərini təmin etmək üçün bazanın yeməkxanalarındakı yağsız südü yağlı südlə əvəz etmişdi.
Tramp administrasiyasının müraciətinə əsasən, sərhədi qeyri-qanuni keçən miqrantların qeydiyyatı və onların yeməklə təmin edilməsi məsələləri ilə Daxili Təhlükəsizlik Nazirliyi və Səhiyyə və İctimai Xidmətlər Deartamenti məşğul olur. ABŞ rəsmiləri son detallar üzərində işin davam etdirildiyini bildirir.