Accessibility links

Amerika liderləri 11 sentyabr hücumlarının ildönümü mərasimlərində milli birliyə çağırış edib


Şənbə günü faciəvi 11 sentyabr hadisələrinin anım mərasimlərində Prezident Co Baydenlə bərabər keçmiş üç ABŞ Prezidenti də iştirak edib. Hər dörd lider getdikcə qütbləşən Amerikada birlik nümayiş etdirib.

Bayden, 20 il öncə iki təyyarənin Dünya Ticarət Mərkəzinin iki qülləsinə çırpıldığı Nyu York şəhərində keçmiş prezidentlər Barak Obama və Bill Klintonla çiy-çiyinə dayanıb. Sabiq prezident Corc W. Buş isə Vitse-Prezident Kamala Harris ilə birlikdə içində 44 nəfər olan United Airlines şirkətinə məxsus 93 saylı reysi icra edən təyyarədə sərnişinlərin təyyarəni qaçıranlara qarşı müqavimət göstərməsi nəticəsində yerə çırpıldığı Pennsilvaniya ştatının Şanskvil bölgəsində keçirilən mərasimdə iştirak edib.


Nyu Yorkdan sonra Pensilvaniyaya yola düşən Bayden şənbə günü Şanskvildəki mərasimdən sonra Şanksvil Könüllü Yanğınsöndürmə İdarəsini ziyarət edib və orada siyasi ziddiyətlər fonunda birliyə ehtiyacı vurğulayıb. Sanki bunu sərgiləmək üçün də orada sabiq Prezident Donald Trampa dəstəklərini ifadə edən papaqlar taxan insanlarla şəkil çəkdirib.

“Biz növbəti dörd, beş, altı, on ildə demokratiyaların işə yaradığını göstərəcəyik, ya yox,” o deyib.

“Birlik zəruridir”

Harris də daha öncə günün əvvəlində Şanksvildə milli birliyə çağırış edib.

“2001-ci ilin 11 sentyabrından sonrakı günlərdə biz Amerikada birliyin mümkün olduğunu xatırladıq. Biz həmçinin birliyin zəruri olduğunu xatırladıq. Bu, bizim ortaq firavanlığımız, milli təhlükəsizliyimiz və dünyadakı mövqeyimiz üçün vacibdir.”

Buş isə prezidentliyini xarakterizə edən hadisə ilə bağlı təsirli şəkildə danışıb.

Corc W. Buş
Corc W. Buş

“Həmin sentyabr gününü xatırlamayan gənclərə bizim yaşadığımız qarışıq duyğuları təsvir etmək çox çətindir,” o deyib. “Məhvetmə dərəcəsində bir dəhşət və bu dəhşətə qarşı çıxan cəsarət və meribanlığa heyranlıq var idi. Pis niyyətin cürəti şok yaratmışdı, ona qarşı çıxan qəhrəmanlıq və xoş niyyətə isə minnətdarlıq mövcud idi.”

Hücumlar onun “terrora qarşı müharibə” elan etməsinə səbəb oldu ki, bu da 20 il davam edən Əfqanıstan müharibəsi ilə başladı. Bu müharibə Amerikanın apardığı ən uzun müharibə oldu və minlərlə amerikalı hərbçi və saysız-hesabsız mülki vətəndaşın ölümü ilə nəticələndi. Bayden isə ötən ay Əfqanıstandakı münaqişəyə son qoyaraq, bütün hərbi və diplomatik personalı ölkədən çıxardı.

Buş öz çıxışında Amerika xalqının ən pis hallarda belə bir araya gələ bildiklərini vurğulayıb.

Siyasətdə çatlaqlar

“11 sentyabr hücumlarından sonrakı həftələr və aylarda mən möhtəşəm, dayanıqlı, birləşmiş xalqa rəhbərlik idarə etməkdən qürur duyurdum. “Amerikanın birlik günləri çox geridə qalıb. Sanki bizim ortaq həyatımızda hər bir fikir ayrılığını mübahisəyə, hər mübahisəni isə mədəniyyətlərin toqquşmasına çevirən düşmən qüvvələr var,” o deyib.

Kamala Harris
Kamala Harris

Vitse-Prezident Harris şənbə günü hadisənin baş verdiyi ərazidə gəzib və memoriala həkk olunan adları oxuyub. Daha sonra o, qurbanların ailə üzvləri ilə birlikdə özəl mərasimdə iştirak edib.

Bundan bir neçə saat sonra Bayden də birinci ledi Cill Baydenlə birlikdə həmin sahəni ziyarət edib.

XS
SM
MD
LG