Amerikanın Orta Qərbindəki Amerika hindilərinin rezervasiyalarından tutmuş Şimali Kaliforniyanın Silikon Vadisinə kimi Birləşmiş Ştatların çox yerində tələbə və şagirdlər məzun olur. Onların özləri kimi arzuları da müxtəlifdir.
“Mən Çində, Tiancində boya-başa çatmışam”- deyə, Alinn Ju bildirir.
Deyvid Uorren: “Mən Texasın Hyuston şəhərindənən, məktəbi də orada oxumuşam”.
Deondra Cekson: “Mən heç vaxt bu ştatdan kənarda olmamışam. Rezervasiyadan kənarda həyata şahid olmamışam”.
Birləşmiş Ştatlar boyu məktəb, kollec və universitelərdən məzun olan tələbələr həyatlarında yeni səhifə açırlar.
Alondra Mireles: “Mən bizim ailədə məktəbi bitirən ilk insanam”.
“Mən immiqrasiya hüquqları ilə maraqlanıram. Anam immiqrasiya vəkilidir və mən uşaq ikən bu barədə çox eşidirdim. İndi isə bu məsələ hər zamankından daha aktualdır”- deyə, Zara Əli bildirir.
“Mən kimya mühəndisliyinin vurğunuyam. Mən bu sahədə işləyəcəyimə görə çox həyəcanlıyam”, Deyvid Uorren söyləyir.
Tələbələrin kollec və məktəbdə yaşadıqları təcrübələr onların şəxsiyyət və gələcək seçimlərini formalaşdırıb. Bəzilərinin ən birinci məqsədi yayda gözəl istirahət edib, payızda həyatlarına açıqlacaq yeni səhifəyə hazırlaşmaqdır.
“Mən bir neçə ay sonra Virciniya Universitetinə gedəcəm”, Zara Əli deyir.
Deondra Cekson: “Mən Minnesota Dövlət Universitetinə gedəcəm. Orada sosial iş üzrə təhsil alacam və ümid edirəm ki, bir gün magistr diplomu da əldə edəcəm”.
Alinn Ju: "Mən Berklidə yerləşən Kaliforniya Universitetində işləyəcəm. İşim beynəlxalq proqramlarla əlaqəli olacaq. Bu isə mənim uşaqlıqdan bəri həvəs göstərdiyim işdir".
Fərqliliklərinə baxmayaraq, məzunların hamısını birləşdirən bir şey var. Onların hamısı çox həyəcanlıdır.