Accessibility links

Amerika siyasətçiləri Vaşinqtonda Makkeynin anım mərasiminə qatılacaq


Amerika siyasətinin müxtəlif dairələrini təmsil edən bir sıra hazırkı və keçmiş rəsmi nümayəndə şənbə günü 81 yaşında dünyasını dəyişmiş veteran-qanunverici senator Con Makkeynin xatirəsinin anılacağı mərasimə qatılacaq.

Paytaxt Vaşinqtonun Milli Kafedralında keçiriləcək mərasimdə keçmiş prezidentlər Barak Obama və Corc Buş nitq söyləyəcəklər. Mərasimdə ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer və keçmiş senator Co Liberman da çıxış edəcək.

Keçmiş vitse-prezident Co Bayden, keçmiş müdafiə naziri Vilyam Kohen, Nyu York şəhərinin meri Maykl Blumberq, eləcə də keçmiş senatorlar Qeri Hart, Ras Feynqold və Fil Qramm Makkeynin tabutu ətrafında dayanacaqlar.

Kapitoli binasının qarşısındakı bayraqlar Con Makkeynin vəfatı münasibətilə bayraqlar yarıya endirilib.
Kapitoli binasının qarşısındakı bayraqlar Con Makkeynin vəfatı münasibətilə bayraqlar yarıya endirilib.

Senator Makkeyn bazar günü Merilend ştatının Annapolis şəhərində təhsil aldığı ABŞ Hərbi Dəniz Qüvvələrinin Akademiyasının qəbiristanlığında dəfn ediləcək.

ABŞ-ın görkəmli siyasi xadiminin anım mərasimləri onun yaşadığı Arizona ştatında artıq başlayıb. Con Makkeyn 1983-cü ildə Arizona ştatını Nümayəndələr Palatasında, 1987-ci ildən isə Senatda təmsil edib. Arizona ştatının Konqres binasında Makkeynlə çərşənbə günü vida mərasimi keçiriləcək.

Dünya liderləri, Con Makkeynin Konqresdə Respublikaçılar və Demokrat partiyalarından keçmiş həmkarları onun vəfatından sonra dünya miqyasında tanınan siyasətçi ilə bağlı xatirələrini bölüşüb. Con Makkeynin hərbi dəniz qüvvələrində aviator kimi xidmət etməsi, onun xüsusilə də 1960-cı illərdə Vyetnam müharibəsi zamanı 5 il yarım müharibə əsiri olduğu müddətdə işgəncələr qarşısında mübarizliyini saxlaması xüsusi qeyd edilir.

Lakin Con Makkeynlə siyasi mübahisələr aparan ABŞ prezidenti Donald Tramp senatorun ölümündən sonra sadəcə onun ailəsinə başsağlığı verməklə kifayətlənərək, onun hərbi xidməti və siyasi karyerasını qeyd etmədiyinə görə tənqidlərlə qarşılaşıb.

Senator Con Makkeynin vəfatından iki gün keçdikdən və veteranların qrupları tərəfindən prezident və Ağ Evin heç bir reaksiya verməməsinə etirazlardan sonra Tramp ictimai sükutunu pozub. Ağ Evdə Yevangelist liderlərə həsr edilmiş mərasim zamanı prezident Tramp senator, eləcə də Vyetnam müharibəsində təyyarəsi vurulduqdan sonra əsir götürülən Makkeyni minnətdarlıqla anıb.

Hanoyda Con Makkeynin xatirə memorialı
Hanoyda Con Makkeynin xatirə memorialı

ABŞ-ın həyatda olan beş prezidenti Con Makkeynin ölkə qarşısında xidmətlərinin qeyd edildiyi bəyanatlarla çıxış edib.

Dünya liderləri, o cümlədən, Fransa prezidenti Emmanuel Makron, Britaniyanın baş naziri Teresa Mey, Almaniya kansleri Angela Merkel Con Makkeynin vəfatı ilə əlaqədar verdikləri bəyanatlarda onun Avro-Atlantik əlaqələrin gücləndirilməsinə verdiyi töhfələri qeyd ediblər.

Con Makkeyn uzun illər bir zamanlar müharibə əsiri kimi saxlandığı Vyetnam və Birləşmiş Ştatlar arasında əlaqələrin yaxınlaşmasını təşviq edib.

Vyetnamın xarici işlər naziri Pham Binh Minh Hanoyda ABŞ səfirliyinin xatirə kitabında Makkeynin “müharibənin yaralarının sağalması, Vyetnam və ABŞ arasında tərəfdaşlığın normallaşması və təşviq edilməsi üçün öndə gedən bir insan olduğunu” yazıb.

Con Makkeynin Hanoy gölü ətrafında heykəli onun vəfat etməsilə bağlı xəbərlərin yayılmasından sonra Amerika senatorunun xatirəsinin anıldığı bir ziyarətgaha çevrilib.

XS
SM
MD
LG