Accessibility links

Amerika və Azərbaycan prezidentlərinin ilk görüşü


Amerika və Azərbaycan prezidentlərinin ilk görüşü
Amerika və Azərbaycan prezidentlərinin ilk görüşü

Prezidentlərin görüşündə Əfqanıstana tranzit, İran, regiondakı siyasi vəziyyət, enerji layihələri, Dağlıq Qarabağ münaqişəsi, demokratiya və insan haqları məsələləri gündəlikdə olacaq

Bu gün Nyu-Yorkda Amerika və Azərbaycan prezidentləri Barak Obama ilə İlham Əliyevin görüşü olacaq. Bu, prezidentlərin ilk görüşüdür.

“Turan” İnformasiya Agentliyinin Analitik Xidmətinin rəhbəri Zəfər Quliyev “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, Barak Obama ABŞ prezidenti seçildikdən ötən iki ildə iki ölkə dövlət başçısının yolları kəsişmirdi. “İki strateji tərəfdaşın qarşılıqlı münasibətlərinin ən yeni tarixində demarş və bir-birini inkarla zəngin olan belə uzun fasilə olmayıb”.

Onun fikrincə, son iki il Azərbaycan prezidentinin xarici siyasi fəallığının azalması ilə müşayiət edilməyib. “O, rusiyalı həmkarı ilə 10 dəfə görüşüb, çoxlu səfərlər edib və başqa ölkələrin liderlərini qəbul edib. Amma Ağ Evin sahibi ilə görüşmək mümkün olmayıb. Hərçənd bunun üçün əlverişli imkanlar dəfələrlə olub. 2009-cu ilin aprelində Ağ Ev rəhbəri və Türkiyə rəhbərliyi Azərbaycan prezidentini israrla İstanbulda keçirilən “Sivilizasiyalar alyansı” sammitinə dəvət edib. Tədbirin gedişində müxtəlif formatlarda görüşlər keçirmək, Türkiyə-Ermənistan və Ermənistan-Azərbaycan münasibətlərini müzakirə etmək imkanı yaranmışdı. Amma rəsmi Bakı onda bu təklifləri nümayişkaranə şəkildə rədd etdi və özünün demarşının inandırıcı səslənməsi üçün prezident təyyarəsini əks istiqamətə - Rusiya prezidenti Medvedevlə görüş üçün Moskvaya yönəltdi”.

Şərhçi rəsmi Bakının bu demarşının nəticəsiz qalmadığını da yada salıb. “2009-cu ilin yayından ABŞ Azərbaycan rəhbərliyinin ünvanına sistematik olaraq insan haqlarının pozulması, söz azadlığının məhdudlaşdırılması, demokratiya prinsiplərindən uzaqlaşmaqla bağlı tənqidi hücumlar etdi. Öz növbəsində, Azərbaycanda da tam miqyaslı antiamerika təbliğatı həyata keçirildi. “2009-cu ilin sentyabrında İlham Əliyev BMT Baş Assambleyasının iclasında iştirakdan imtina etdi və bununla prezidentlərin görüşüb tanış olmaq və iki ölkə arasında gərginliyi aradan qaldırmaq üçün ikinci potensial imkanı əldən verildi. Təxminən o vaxt - 2009-cu ilin yayından isə ABŞ-ın Azərbaycandakı səfir yeri boşdur”.

O hesab edir ki, bu ilin yazında da Vaşinqton cavab demarşı edərək Azərbaycan prezidentini Vaşinqtonda keçirilən antinüvə sammitinə dəvət etmədi, amma Ermənistan, Gürcüstan və bir çox başqa ölkələrin liderləri orada idi. “Beləliklə, prezidentlər arasında şəxsi təmasların qaydaya salınması və bütün yığılan problemlərin müzakirəsi üçün daha bir şans əldən verildi”.

Onun fikrincə, bütün bu gərgin münasibətlər fonunda Türkiyənin səyləri və ABŞ-ın regiondakı maraqları, görünür, prezidentlərin görüşü üçün əsaslar yaradıb. “Bu ilin yayından Amerika-Azərbaycan münasibətlərində isinmə başladı. İyunda ABŞ-ın müdafiə naziri Robert Qeyts Bakıya gəldi, iyulda Hillari Klintonun mühüm və çox vəd verən səfəri baş tutdu. Hər iki ölkənin siyasi ritorikasındakı dəyişikliklər də isinmə göstəricisi oldu. Vaşinqtonda yenidən Azərbaycanla tərəfdaşlığın strateji əhəmiyyətini və ABŞ-ın regional maraqlarının həyata keçməsində bu ölkənin rolunu ön plana çəkməyə başladılar. Beləliklə, nəhayət, prezidentlərin çoxdan gözlənilən yüksək səviyyədə şəxsi görüşünün təmin edilməsi üçün əlverişli imkan yarandı”-deyə o qeyd edib.

Cənab Quliyevin fikrincə, prezidentlərin görüşündə Əfqanıstana tranzit, İran, regiondakı siyasi vəziyyət, enerji layihələri, Dağlıq Qarabağ münaqişəsi, demokratiya və insan haqları məsələləri gündəlikdə olacaq.

XS
SM
MD
LG