Amerikanın qurucu ataları yeni respublika yaratdıqları zaman dərin icma əsasları olan bir ölkə xəyal edirdilər. Lakin getdikcə daha az amerikalı qonşularını tanıdığı bir vaxt icma hissi yoxa çıxa bilər.
“Biz daha çox ümummilli icmaya doğru gedirik və mən düşünürəm ki, hətta sosial media kimi şeylər bizim yerli icmalarımızı o qədər abstraktlaşdırıb ki, biz yavaş-yavaş daha çox ümummilli icmaya doğru yönəlirik,” Hillsdale Kollecinin tarix professor Brad Birzer bildirir.
“Biz icma rifahının məhəllə səviyyəsinə bir şey olduğunu düşünürdük və indi biz bu haqda düşünəndə bütün ölkəni nəzərdə tuturuq. Bizim düşüncəmiz və özümüzü idarəetmə şəklimiz müəyyən mənada həqiqətən də milliləşib. Hər şey Vaşinqtona doğru yönəlib.”
Mark Dankelman “Yoxa Çıxan Qonşu” adlı kitabın müəllifidir. O, kitabda Amerika icmalarının transformasiyasına nəzər salır.
Dankelman deyir ki, əksər amerikalıların münasibətləri üç mərhələdən ibarətdir.
“Daxili dairəyə ailə və yaxın dostlar daxildir. Orta dairə qonşular, bərbər, boulinq klubundan insanlarla daha səthi münasibətdən ibarətdir. Ən uzaq dairəyə isə uzaqda olan, amma orta maraqları bölüşən və sosial media və ya başqa texnologiyalar vasitəsilə asanlıqla əlaqə qurula biləcək insanlar daxil ola bilər.”
Dankelmanın dəyərləndirməsi odur ki, insanlar vaxtlarının və diqqətlərinin böyük bir hissəsini daxili və kənar dairələrə ayırırlar, amma yerli icmaların gücləndirilməsi, debatların həvəsləndirilməsi və kompromisin yaradılması üçün orta dairədəki fundamental münasibətlərdən imtina edirlər.
“Məncə insanların orta dairədəki münasibətləri qurmalarının əsas səbəbi o idi ki, onlar bu münasibətlərdən yayına bilmirdilər,” Broun Universitetinin Vatson İctimai və Beynəlxalq Əlaqələr İnstitutunun tədqiqatçısı Dankelman bildirir.
“Bu, yerli icma təşkilatına qoşulmaq, kilsəyə və ya sinaqoqa getmək öhdəliyi kimi idi.”
O, qloballaşma, təhsil, iki-gəlirli ailələrin sayının artması və gündəlik həyatda ümumi səmərəliliyin artmasının orta dairədəki münasibətlərin azalmasına, bunun da qütbləşmənin artmasına səbəb olduğunu qeyd edir.
“Məsələn, 2016-cı ildə başqa bir namizədə səs verən orta dairədən bir insanla canlı ünsiyyətin olmaması ilə sən başqasını dəstəkləyən insanlardan uzaqlaşırsan” , Dankelman deyir.
Orta dairədəki münasibətlərinin sayının azalmasının yeniliyə də təsiri ola bilər.
“İnsanlar deyirdi ki, millenialların uzun zamandan sonra ən az təşəbbüskar nəsil olacağı gözlənilirdi və mən bunu onunla izah edə bilərəm ki, insanlar gündəlik həyatlarında daha az yeni, maraqlı ideyalara məruz qalırlar,” o deyir.
Orta dairədəki münasibətlərin azalmasının bəzi müsbət nəticələri də var. Buna Ku Kluks Klan kimi nifrət qruplarının yeri səviyyədə təşkil olunmalarına əngəllərin yaradılması daxildir. Bu arada isə digər dairələrdəki əlaqələrin artması, məsələn, dünya boyu epidemioloqların COVID-19 kimi virusla daha yaxından mübarizə aparmaq imkanlarını artırır.
Lakin ümumilikdə yaxşı qonşu olmağın nə olduğunu öyrənmək baxımından bəzi nüanslar ortadan qalxa bilər.
“Hətta evsizlik kimi məsələlər 19-cu əsrdə yerli səviyyədə həll olunurdusa, indi daha yüksək instansiyalara həvalə olunur. Yəni, bunlar artıq icma problemi deyil, institusional problemlərdir. Belə bir hiss var ki, qonşu üçün yaxşılıq etmək təkcə qonşumuz üçün deyil, bizim özümüz üçün də müsbət bir addımdır və biz bunu etmədiyimizdə və ya onların problemini başqa birinə ötürdüyümüzdə bir çox baxımdan yaxşı vətəndaş olmağın əsasını itiririk.”