Accessibility links

Amerikalıların beyql sevdası

Amerikanlar səhər yeməyinə nə yeyir? Cavab yulaf əzməsi ya da kruasan deyilsə, deməli bugün menyuda beyql var! Bizim öyrəşdiyimiz simit və ya dönər çörəyindən bir az daha qalın, bir az daha kalorili beyql. Amerikanlar qalın beyqlın içini də doldurmağı xoşlayır. Səhər tezdən bir çox parkda, kafedə, metro dayanacağında insanları arasına yumurta, pendir, avakado, qızılbalıq doldurulmuş səhər çörəklərini yeyərkən görə bilərsiniz.

Amerikanların bu səhər çörəyiylə tanışlığı Polşalı yahudilərin Amerikaya köçüylə başlayıb. Beyql çörəklərin tarixdə ilk dəfə 1610-cu ildə Krakov əlyazmalarında rast gəlinib. Bu gün beyql Amerikada xüsusilə, Nyu York kimi əhalisinin böyük hissəsinin yahudi olduğu şəhərlər çox məşhurdur. Nyu Yorkun demək olar ki, hər küçəsində ən az bir dənə beyql dükanı var. Amerikada bir çox yeməyin olduğu kimi, beyqlın da ənənəvi növündən başqa, onlarla fərqli müasir növü var. Məsələn, xaşxaşlı, küncüdlü, qara çovdardan hazırlanan, ərəb çörəyindən hazırlanan və s.

Bəzi insanlar çörəklərini duzlu məhsullarla doldurmağı xoşlayırsa, şirniyyat sevənlər şirin beyql tərəfdarıdır. Şirin beyqllar meyvə cemi, qaymaq kimi məhsullarla hazırlanır.

Beyql çörəyi bu gün Nyu Yorkun dadlı simvollarından biridir. Hətta haqqında kitablar da yazılıb. Bir çox insan düşünür ki, Amerikanın ən dadlı beyqllarının Nyu Yorkda hazırlanmasının sirri Nyu York suyunun dadındadır. Nyu York suyunun tərkibindəki kalsium və maqnezium onun dadını bir az daha yumşaldır və gözəlləşdirir. Belə su xəmirlə mükəmməl ahəng yaratdığı üçün Nyu York beyqlları da qeyri-adi dada sahib olur.

Qlutensiz, az kalorili yeməklər erasında beyql biznesinin azalacağı gözlənsə də, son illərin statistikası bunu demir. Araşdırmaların nəticəsinə görə, 2019-cu ildə 204,91 milyon Amerikalı beyql tükədib. Bu da əhalinin yarısından çoxudur.


XS
SM
MD
LG