Amerikanın Afro-Latın sintez qrupu “Buyeponqo” noyabrın 21-dən 25-dək Azərbaycanda konsert proqramları ilə çıxış edəcək.
Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
“Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi mədəniyyətlərarası anlayış və əməkdaşlığı möhkəmləndirmək üçün tanınmış amerikan musiqiçilərini dünya ölkələrinə gətirən ABŞ Dövlət Departamentinin Xaricdə Amerika Musiqisi proqramı çərçivəsində Afro-Latın sintez qrupu “Buyeponqo”nun Azərbaycandakı ilk konsertini maliyyələşdirməkdən məmnunluq duyur,” səfirliyin məlumatında deyilir.
Səfirlik bildirir ki, “Buyeponqo” qrupu Azərbaycanda olarkən müxtəlif konsert proqramları ilə çıxış edəcək, yerli musiqiçi və tələbələrlə musiqi/cem sessiyaları keçirəcək. “Buyeponqo”nun Azərbaycandakı bütün konsertləri pulsuz və ictimaiyyət üçün açıqdır.
Konsertlər noyabrın 21-də Bakıda Park Bulvar Mall -da, noyabrın 22-də Gəncə Dövlət Filarmoniyasında, noyabrın 23-də Şəki Dövlət Dram Teatrında, noyabrın 24-də Zaqatala Mədəniyyət Mərkəzində, noyabrın 25-də Qəbələ Mədəniyyət Mərkəzində olacaq.
Beş nəfərdən ibarət Afro-Latin “Buyeponqo” qrupu Latın Amerikası diasporuna xas hip-hop, pank, fank və caz sədalarının qarışığından ibarət çılğın tropik üslublu musiqilər ifa edir.