Sentyabrın 23-də yerli vaxtla səhər saat 10:20-də Bakıda polis Amerikanın Səsi xəbər agentliyinin müxbiri Tapdıq Quliyevi (Fərhadoğlu) saxlayıb. Saxlanma Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin qarşısında övladlarının ölümü ilə bağlı bir qrup valideynin etiraz aksiyası zamanı baş verib.
Bir neçə polis zabiti jurnalistə qarşı güc tətbiq edib, onun əlindən kamerasını və mikrofonunu alıb. Onu Daxili İşlər Nazirliyinin Nəqliyyatda Polis İdarəsinin Sabunçu Dəmir Yolu vağzalındakı polis idarəsinə aparıblar və orada telefonunu alıblar.
Tapdıq Quliyevə qarşı təzyiqi onun həmkarları - jurnalistlər görüblər, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə və jurnalistlərin hüquqlarına əməl olunmasının təmin edilməsinə yönəlmiş Bakı şəhər Baş Polis İdarəsinin Monitorinq qrupuna məlumat veriblər.
Polisdə jurnalistin həmkarlarına və vəkilə telefon etməsinə imkan verilməyib. Onu idarədə yarım saat saxlayıblar, "bir daha belə şeylər etməməyi" tövsiyə ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti və şəhər polisinin Monitorinq qrupu baş verənləri hələ şərh etməyib.
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezir baş verənlərlə bağlı yaydığı bəyanatda Amerikanın Səsinin müxbiri Tapdıq Fərhadoğlunun Bakıda saxlanmasından narahatlığını ifadə edib.
"Jurnalistlər intimidasiya və saxlanma baş vermədən ictimai hadisələri işıqlandırmaq imkanına malik olmalıdırlar," Dezir Twitter hesabında yazıb.