Amerikanın Səsinin “Amerikana” proqramının bu dəfəki qonağı hazırda Harvard Universitetinin Con Kennedi adına Dövlət İdarəetmə Məktəbində magistratura təhsili alan Tim MakNautdur (Tim McNaught). ABŞ Sülh Korpusu proqramı ilə neçə il Azərbaycanda yaşayan Tim orada yaşadığı ailədə saz çalmağı öyrənib. Azərbaycanda tanışları arasında “Aşıq Tim” ləqəbi ilə tanınan Tim Amerikaya qayıdanda sazını da özü ilə gətirib. Dünyanın bir nömrəli universitetlərindən birində təhsil almasına baxmayaraq o, hələ də saz vərdişlərini unutmayıb, əksinə ifasını daha təkmilləşdirməyə çalışır.
Amerikana proqramına müsahibədə “Aşıq Tim” Səməd Vurğunun “Azərbaycan” şeirinin sözlərinə bəstələnmiş mahnını məharətlə ifa edir. Tim Maknaut müsahibə zamanı Azərbaycandakı həyatından, sazda ifa etməyi necə öyrənməsindən, sevdiyi Azərbaycan yeməklərindən, doğulduğu ştatla Azərbaycan arasındakı oxşarlıqlardan və hazırki Harvard həyatından danışıb.
“Aşıq Tim” ləqəbi ilə tanınan amerikalı gənc hazırda Harvard Universitetində təhsil alır.