Beynəlxalq poçt göndərişləri vasitəsilə Amerikaya göndərilən narkotik vasitənin Azərbaycanın gömrük sərhəddindən keçirilməsi cəhdinin qarşısı alınıb.
Azərbaycanın Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunda Azərbaycandan Amerika Birləşmiş Ştatlarına göndərilən, içərisində 3,5 kiloqram şirniyyat olduğu göstərilən poçt bağlamasına baxış zamanı 3 ədəd polietilen paketdə xurmaların içərisində narkotik aşkarlanıb.
"Müəyyən olunub ki, qaçaqmalçılar 'unikal' gizlətmə yolundan istifadə edərək narkotiki xurmaların hər birinin içərisinə çəyirdək formasında yerləşdiriblər. Ümumilikdə, 305 ədəd xurma çəyirdəyi formasında, çəkisi 1048 qram olan narkotik vasitə - tiryək aşkarlanıb," Azərbaycan Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatında deyilir.