Accessibility links

Beynəlxalq Əfv Təşkilatı azərbaycanlı fəalların həbs qərarı ilə bağlı bəyanat yayıb


Beynəlxalq Əfv Təşkilatı Amnesty International İran azərbaycanlı milli fəallar Hüseyn Əliməhəmmədi və Taha Kirmaninin 10 illik həbsə məhkum edilməsi barədə çıxarılan hökmlə bağlı bəyanat yayıb.

Təşkilat yaydığı bəyanatda məhkəmənin çıxardığı ədalətsiz qərarı kəskin şəkildə qınayıb. Azərbaycanlı fəallar İran bayrağını yandırmaqda ittiham edilərək 10 il həbs cəzasına məhkum edilib.

Məhkəmə qərarı ilə bağlı narahatlığını bildirən Beynəlxalq Əfv Təşkilatı bildirib ki, bu qərar ədalətsiz, siyasi təzyiqlər və işgəncə altında verilən etirafa əsasən çıxarılıb.

Taha Kirmani Beynəlxalq Əfv Təşkilatına bildirib ki, sorğu-suala tutulduğu müddətdə müxtəlif formalarda təzyiqlərə məruz qalıb, döyülüb və ona ağır işgəncələr verilib.

Beynəlxalq Əfv Təşkilatı sonda İran rəsmilərindən azərbaycanlı fəalların azadlığını tələb edib və iddia olunan işgəncələrin araşdırılması və bu məsələdə müqəssirlərin cəzalandırılmasını istəyib.

Təbrizin inqilab məhkəməsi Hüseyn Əliməhəmmədi və Taha Kirmanini islam müqəddəsatını təhqir etmək və islam hökumətinə zərbə vurmaq məqsədi ilə ictimai mülkiyyəti yandırmaqda ittiham edib və hər birini 10 il həbsə məhkum edib. Məhkəmə tərəfindən elan olunan mətndə müttəhimlərin günahı buna əsaslanır ki, İran bayrağının üzərində “Allah” sözü var və həmin bayraq onlar tərəfindən yandırılıb. Lakin fəallar bu ittihamı təmami ilə əsassız sayıb və rədd ediblər.

Bununla yanaşı, 2014-cü ilin iyul ayında adı çəkilən fəallara qarşı çıxarılan digər 3 illik həbs cəzasını həmin ilin sentyabr ayında təşkil olmuş Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb və hökmün qəti olduğunu bildirib.

Beynəlxalq Əvf Təşkilatının bəyanatını ingilis dilində burada oxuya bilərsiniz.

XS
SM
MD
LG