Accessibility links

Amnesty International: Beynəlxalq gənclər forumu gənc fəalların həbs edildiyi Azərbaycanda keçirilir


Beynəlxalq Amnesty International təşkilatı BMT və Avropa Şurasının gənclik siyasəti üzrə qlobal forumunun Bakıda keçirilməsi ilə bağlı bəyanat verib. Oktyabrın 28-dən 30-a qədər Bakıda keçiriləcək Gənclik siyasətinə dair Global Forumda dünya ölkələrindən 700-ə yaxın gənc fəalın iştirak edəcəyi, BMT-nin Gənclər üzrə xüsusi nümayəndəsi, UNESCO və Avropa Şurasının nümayəndələrinin qatılacağı gözlənilir.

Amnesty International bildirib ki, Azərbaycanda son zamanlar insan haqları müdafiəçiləri, bloggerlər və sosial media fəalları ifadə azadlığı hüququndan istifadə etdiklərinə görə həbs edilib. Təşkilat Azərbaycanda 21 siyasi məhbusun olduğunu bildirərək, onlardan üçünün yaşının 23-dən aşağı olduğunu qeyd edib.

NİDA gənc fəallarının həbsi və saxlanması

Amnesty International NİDA demokratiya tərəfdarı gənclər hərəkatının 2011-ci ildə yarandığı vaxtdan Azərbaycan rəsmiləri tərəfindən təzyiq və təqiblərə məruz qaldığını yazıb. Bəyanatda NİDA üzvləri Rəşadət Axundov, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Zaur Qurbanlı, Üzeyir Məmmədli, Şahin Novruzov və İlkin Rüstəmzadənin 2013-cü ildə Facebook şəbəkəsində Azərbaycan ordusunda əsgər ölümlərinə etiraz aksiyasiyanın keçirilməsi üçün tədbirə çağırdıqlarına görə həbs edildiyi göstərilir.

"Azərbaycanda son zamanlar insan haqları müdafiəçiləri, bloggerlər və sosial media fəallarının ifadə azadlığı hüququndan istifadə etdiklərinə görə həbs edilib"-Amnesty International

Təşkilat bəzi NİDA-çı gənclərin ifadə verməsi üçün işgəncəyə məruz qaldıqlarını qeyd edib. “Şahin Novruzovun o zaman 17 yaşı var idi və o, qanunla tələb edildiyi kimi hüquqi qəyyumu olmadan dindirilmişdi. Onun həbsindən sonra təkrar məhkəmə dinləməsi zamanı və ilk dindirilmədən sonra onun dörd qabaq dişi yox idi. Digər NİDA fəalı Məmməd Əzizov saxlandığı zaman pis rəftara görə o, bir qulağında eşitmə qabiliyyətini itirib. NİDA fəallarının hamısı 6 ildən 8 ilə qədər həbs cəzası alıb”-deyə Amnesty International qeyd edib.

Gənc fəallara dəstək nümayişlərinə hücumlar

Təşkilat 2014-cü ildə mayın 6-da daha bir NİDA-çı fəalın həsb edildiyi gün onlara dəstək verən 150-dən çox gəncin etiraz aksiyası keçirdiyini bildirib. “Buna cavab olaraq adi geyimdə və uniformada olan polis zabitləri toplantını dağıtmaq üçün gücdən istifadə edib. Nümayişçilər döyülüb, jurnalistlərin kameraları yerə çırpılıb”-deyə Amnesty International qeyd edib.

Amnesty International bildirib ki, 26 nəfər polis avtobuslarına salınaraq, yaxınlıqdakı polis idarəsinə aparılıb və aksiyada iştirak etdikləri üçün beş fəal 15 gündən 30 günədək saxlanıb, bir gənc fəal Kəmalə Bənanyarlının isə işgəncəyə məruz qaldığı haqda məlumat verilib.

Təşkilat Azərbaycan rəsmilərinə dinc nümayişin dağıdılması, aksiya iştirakçılarının həbsi və Kəmalə Bənənyarlı ilə kobud rəftarla bağlı narahatlığını ifadə etdiyini qeyd edib. “Amnesty International-a cavab məktubunda Azərbaycan rəsmiləri gənc fəalların polis idarəsində sanksiyalaşdırmamış aksiyada iştirak etdikləri və polis zabitlərinin ictimai asayişin qorunması haqda müraciətinə əhəmiyyət vermədiklərinə görə 15 gündən 30 günədək saxlandığını bildiriblər”-deyə təşkilatın bəyanatında bildirilir.

Şahin Novruzlu və Bəxtiyar Quliyevin azadlığa buraxılması

Amnesty International Bəxtiyar Quliyev və NİDA üzvü Şahin Novruzlunun Azərbaycan prezidentinə əvf haqda müraciətini qeyd edib. Təşkilatın bəyanatında deyilir ki, bundan əvvəl NİDA-çı fəalların ailə üzvləri və vəkilləri rəsmilərin hər fəalı həbsxanada gözlənilmədən ziyarət edərək, onları üzr istəməyə razı salmağa çalışdıqları haqda məlumat veriblər. Şahin Novruzlunun vəkilinin bildirdiyi kimi, o, müdafiə etdiyi şəxsin əvf üçün psixoloji təzyiqlərə məruz qaldığına əmindir.

"Rəşadət Axundov, Məmməd Əzizov, Zaur Qurbanlı, Rəşad Həsənov, Üzeyir Məmmədli və İlkin Rüstəmzadə dərhal və qeyd-şərtsiz azad edilməlidir"-Amnesty International

2014-cü ilin oktyabrın 17-də Azərbaycan prezidenti Şahin Novruzlu və Bəxtiyar Quliyevin əvf edilməsi haqda fərman imzalayıb. Onlar oktyabrın 18-də həbsdən azad ediliblər.

Amnesty International bildirib ki, Şahin Novruzlu və Bəxtiyar Quliyevin azad edilməsi mühüm bir addımdır, lakin başqa NİDA fəalları hələ də həbsdədir. “Onlar Azərbaycan Gənclər üzrə Global Forumun iştirakçılarını salamladığı vaxt və Azərbaycan fundamental insan hüquqları və fundamental azadlıqlara hörmət etdiyini nümayiş etdirməyənə qədər, bundan hələ sonra da həbsdə qalacaqlar”-deəy bəyanatda qeyd edilib.

Amnesty International Azərbaycan rəsmilərinin NİDA fəallarına qarşı irəli sürdüyü ittihamların saxta olduğuna inandığını və onları demokratiya naminə fəalliyyətlərinə görə vicdan məhbusu hesab etdiyini bildirib. “Rəşadət Axundov, Məmməd Əzizov, Zaur Qurbanlı, Rəşad Həsənov, Üzeyir Məmmədli və İlkin Rüstəmzadə dərhal və qeyd-şərtsiz azad edilməlidir”-deyə təşkilat bəyan edib.

Amnesty International Azərbaycanda ifadə və toplaşmaq azadlığı kimi hüquqlarından istifadə etdiyinə görə həsb edilmiş 21 vicdan məhbusunun olduğunu bildirib. Təşkilat NİDA fəalları ilə yanaşı, vicdan məhbusları arasında Azərbaycanda vətəndaş cəmiyyətinin gənc fəalları, eləcə də tanınmış hüquq müdafiəçiləri, jurnalistlər və siyasətçilərin olduğunu qeyd edib.

XS
SM
MD
LG