“Azərbaycan hakimiyyəti siyasi müxalifətə qarşı repressiyalarını davam etdirir, ifadə və dinc toplaşma azadlığı hüquqlarını pozaraq dinc etirazlara sərt münasibət göstərir."
Bu barədə Amensty International təşkilatının bəyanatında deyilir.
"Azərbaycan polisi tərəfindən dinc etirazçılara qarşı zorakılıqlara, həbslərə, işgəncələrə və digər pis rəftarlara son qoyulmalıdır,” Amnesty İnternational qeyd edir.
Təşkilat hesab edir ki, hakimiyyət ifadə azadlığı və dinc toplaşmaq hüququndan istifadə etdiklərinə görə həbs edilən bütün şəxsləri dərhal və qeyd-şərtsiz azad etməli, polisin küçədə lüzumsuz və ya həddindən artıq güc tətbiq etməsinə dair bütün halları, işgəncə və digər pis rəftar iddialarını səmərəli şəkildə araşdırmalı, saxlanılan şəxslər və şübhəli bilinən şəxslər məsuliyyətə cəlb edilməlidir.
Amnesty International dekabrın 1-də AXCP fəalı Saleh Rüstəmlinin azadlığı tələbi ilə Bakıda dinc etiraz aksiyasının zorakılıqla dağıtdığını və aksiya iştirakçılarının polis tərəfindən təzyiqlərərə məruz qaldığını xatırladıb.
“Daxili İşlər Nazirliyinin məlumatına görə, polis dekabrın 1-də keçirilən mitinqi “qanunsuz” olduğu üçün dağıdıb.
"Bunun üçün şəhər hakimiyyət orqanlarından əvvəlcədən icazə alınmayıb və iştirakçılar Covid-19 karantin qaydalarını pozub."
Nazirliyin sözçüsü hadisə ilə bağlı araşdırma aparılacağını vəd etsə də, etirazçılara qarşı işgəncə ilə bağlı iddiaları təkzib edib."
Amnesty International Azərbaycan hakimiyyətinin azadlıq hüququnun həyata keçirilməsini qadağan etməkdə davam etməsindən narahat olduğunu bildirib.
“Bu, həm milli qanunlara, həm də Azərbaycanın beynəlxalq öhdəliklərinə ziddir. Bundan başqa, təşkilat Azərbaycan hakimiyyətinin dinc etirazları azadlığın məhdudlaşdırılmasını əsaslandırmaq üçün pandemiya ilə bağlı qaydaları və məhdudiyyətləri özbaşına tətbiq etməyə davam etməsidən narahatdır.”
Dekabrın 15-də də paytaxt Bakıda, Fəvvarələr Meydanında həbsxanada 40 gündür aclıq edən və dekabrın 13-dən quru aclığa keçən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmliyə azadlıq tələbi ilə etiraz aksiyası keçirilb.
Aksiya iştirakçıları "Saleh Rüstəmovu azad et!", "Öldürmə, azad et!" şüarları səsləndirib.
Polis aksiyaya müdaxilə edib, qırxdan çox insan saxlanılıb.
Saxlanılanlar arasında Milli Şuranının Koordniyasiya Mərkəzinin üzvü Tofiq Yaqublu və onun qızı Nigar Həzi, Saleh Rüstəmlinin bacısı, Xaıq Cəbhəsi və Müsavat partiyasının üzvləri də olub.
Aksiya zamanı saxlananların hamısı sərbəst buraxılıb. Bu barədə aksiyanın monitorinqini aparan hüquq müdafiəçiləri məlumat verib.
Saxlananlardan 10-u inzibati qaydada 100 manatdan 400 manata qədər cərimə edilib.
Azərbaycan Daxili İşlər nazirliyinin açıqlaması
Azərbaycan Daxili İşlər nazirliyi Fəvvarələr meydanında Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmliyə azadlıq tələbi ilə keçirilən etiraz aksiyası ilə bağlı açıqlama verib.
“Dekabrın 15-də saat 12 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarına zidd olaraq, eləcə də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. Cəhdin qarşısı alınaraq həmin şəxslər ərazidən uzaqlaşdırılıblar. Xidməti vəzifələrini yerinə yetirən asayiş keşikçilərinin qanuni tələblərinə riayət etməyən bir neçə nəfər saxlanılıb və xəbərdarlıq edildikdən sonra onlar sərbəst buraxılıb,” məlumatda deyilir.
Bundan əvvəl də dekabrın 1-də və 11-də Saleh Rüstəmlinin azadlığı tələbi ilə Bakıda etiraz aksiyaları olub. Həmin aksiyalarda onlarla insan saxlanılıb. Onların bir çoxu sərbəst buraxılsa da, beş nəfərə karantin rejimi qaydalarının pozulması ittihami ilə inzibati həbs verilib.
Saleh Rüstəmli kimdir?
Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və "AXCP-nin qanunsuz maliyyələşdirilməsi" haqqında iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.
Bu il noyabrın 6-dan etibarən o, azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb.
Saleh Rüstəmli 1992-1993-cü illərdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.
Yerli və beynəlxalq təşkilatlar, hüquq müdafiəçiləri, ziyalılar, jurnalistlər Rüstəmlinin azadlığa buraxılması xahişi ilə hökumətə çoxsaylı müraciətlər edib.
Beynəlxalq ictimaiyyətin Saleh Rüstəmli ilə bağlı reaksiyası
ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays dekabrın 10-da Twitter səhifəsində yazıb ki, Azərbaycan humanitar səbəblərdən Rüstəmlini təcili azad etməlidir ki, o, adekvat tibbi yardım ala bilsin. Artıq 35 gündür ki, aclıq aksiyasını davam etdirir və ölümə yaxındır.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçiləri Stefan Şennak və Riçard Bekon Saleh Rüstəmlinin durumu ilə bağlı xüsusi açıqlama yayıb.
Açıqlamada qeyd edilir ki, Saleh Rüstəmli ilə bağlı məsələ Azərbaycanda ədalətsiz mühakimənin geniş tətbiq edildiyini sübut edən faktlardan biridir.
AŞPA-nın yaydığı sənəddə Saleh Rüstəmlinin uzun müddət davam edən aclıq aksiyası nəticəsində səhhətinin narahatlıq doğuracaq səviyyədə olduğu bildirilir.
“Biz Azərbaycan hökumətini Saleh Rüstəmlini humanitar mülahizələrlə dərhal azadlığa buraxmağa çağırırıq,” məruzəçilər bildirir.