Accessibility links

Amnesty International Navalnının "vicdan məhbusu" statusunu bərpa edib


Amnesty International təşkilatı cümə günü həbsdə olan Rusiya müxalifət lideri Aleksey Navalnının “vicdan məhbusu” statusundan məhrum edilməsinə görə üzr istəyib və statusun bərpa ediləcəyini bildirib.

Təşkilat 24 fevral tarixində Navalnını keçmişdə nifrət və millətçi şərhlərlə çıxış etdiyinə görə vicdan məhbusu elan etməkdən imtina etmişdi.

"Diqqətli dəyərləndirmədən sonra Amnesty International Aleksey Navalnını yenidən "Vicdan Məhbusu" olaraq tanımağa qərar verib" deyə təşkilat Reuters-ə göndərdiyi email-də bildirib.

Təşkilat bildirib ki, Rusiya hökuməti və tərəfdarları 24 fevral qərarından istifadə edərək saxta ittihamlarla həbs olunmuş Navlanın hüquqlarını daha da pozublar.

“Amnesty International səhv qərar verib ... və bunun şəxsən Aleksey Navalnı və Rusiyada eləcə də dünyadakı azadlıq uğrunda yorulmadan mübarizə aparan fəallara göstərdiyi mənfi təsirlərinə görə üzr istəyir” deyə təşkilat bildirib.

Navalnı keçmişdə qanunsuz immiqrasiyaya qarşı etdiyi millətçi bəyanatlarından və bir neçə il əvvəl millətçi yürüşə qatılmasından dolayı tənqid olunub.

Təşkilat insanlara vicdan məhbusu adını vermə prosesini nəzərdən keçirdiyini və bundan sonra keçmiş davranışlara görə “vicdan məhbusu” adını ləğv edilməyəcəyini deyib.

“Navalnının keçmişdəki bəzi açıqlamaları qəbahətlidir və biz onları heç bir şəkildə bağışlamırıq ... Navalnının vicdan məhbusu statusunu təsdiqləyərək, biz onun siyasi proqramını dəstəkləmirik, lakin hüquqlarının bərpa olunmasının təcili vacibliyini vurğulayırıq" deyə açıqlamada bildirilir.

XS
SM
MD
LG