Accessibility links

Amnesty International: Avropa demokratiya tələbində daha inadkar olmalıdır


Natalya Nozadze, Amnesty International-ın Cənubi Qafqaz üzrə tədqiqatçısı (Foto BBC Azərbaycancaya məxsusdur)
Natalya Nozadze, Amnesty International-ın Cənubi Qafqaz üzrə tədqiqatçısı (Foto BBC Azərbaycancaya məxsusdur)

Son günlər Azərbaycanda insan haqları müdafiəçilərinin həbsini pisləyən bəyanatlarla çıxış edən Amnesty International təşkilatının Cənubi Qafqaz üzrə tədqiqatçısı Nataliya Nozadze Amerikanın Səsinə müsahibəsində təmsil etdiyi qurumun son həbslərlə bağlı mövqeyindən danışıb. Onun sözlərinə görə, Avropa institutları Azərbaycanda insan haqları göstəricilərinin yaxşılaşdırılması, siyasi məhbusların azad edilməsi tələbində daha inadkar olmalıdır. Xanım Nozadze habelə bildirib ki, hüquq müdafiəçilərinin həbsləri beynəlxalq qurumların ölkədəki fəaliyyətinə ciddi təsir göstərib. Nataliya Nozadza ilə müsahibəni təqdim edirik:

Amerikanın Səsi: Azərbaycandan son günlər insan haqları fəallarının həbsinin sayı durmadan artır. Amnesty International ölkədəki vəziyyəti necə qiymətləndirir?

Natalya Nozadze: Amnesty İnternational Azərbaycanda insan haqları müdafiəçilərinin son həbsindən narahatdır. Son illər davamlı şəkildə ölkədə insan haqları vəziyyətini araşdırırıq. Təəssüf ki, ildən-ilə ifadə azadlığının vəziyyəti daha da pisləşir. Hüquq müdafiəçilərinin son həbslərini siyasi motivlər və saxta ittihamlarla həyata keçirildiyini hesab edirik. Başlıca məsələ ondan ibarətdir ki, bu insanlar insan haqlarına dair fəaliyyətlərinə görə həbs ediliblər.

Hazırda Azərbaycan rəsmiləri hökuməti tənqid edən qeyri-hökumət təşkilatlarının qeydiyyatdan keçməsinə icazə vermir. İndi onlar qeydiyyatdan keçməyən təşkilatları saxtakarlıqda, vergidən yayınmaqda ittiham edir. Biz habelə Leyla və Arif Yunusa qarşı ittihamların da tamamilə saxta olduğunu hesab edirik.

Amerikanın Səsi: Dünən Amnesty International insan haqları müdafiəçisi Rəsul Cəfərovun da həbsini pisləyən bəyanatla çıxış edərək onu vicdan məhbusu elan edib.

Natalya Nozadze: Rəsul Cəfərov tənqidi səsini ucaldan fəallardan biri idi. O, 2012-ci ildə Eurovision Mahnı Müsahibəqəsi zamanı "Demokratiya üçün Oxu" kampaniyasının təsisçisi və koordinatoru olub. O, bu platformadan zəif insan haqları göstəricilərinin dünyaya çatdırılması üçün istifadə edib. Rəsul Cəfərov siyasi məhbuslar məsələsi ilə bağlı beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq aparırdı. O, bizi də ölkədə baş verən hadisələr barədə məlumatlandırırdı. Rəsul Cəfərova qarşı son ittihamlar hökumətin onun insan haqları fəaliyyətinə cavabıdır.

Amerikanın Səsi: Bir neçə saat əvvəl isə Leyla Yunusun həyat yoldaşı Arif Yunus barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Avropa qurumlarının buna necə reaksiya verəcəyini düşünürsünüz?

Natalya Nozadze: Bəzi Avropa institutları həbsləri tənqid edən bəyanatlar açıqlayıb. Ancaq fikrimcə Avropa institutları tənqidi artırmalı və Azərbaycanın insan haqları göstəricilərinin yaxşılaşdırması, siyasi məhbusların azad edilməsi tələbində daha inadkar olmalıdır. Ancaq təəssüf ki, son illər bəzi hallarda ticari və iqtisadi maraqların insan haqlarının müdafiəsi ilə qarşılaşdığını görürük. Avropa Şurasının Nazirlər Komitəsinə rəhbərlik edən Azərbaycan qurumun prinsiplərinə əməl etməlidir. Avropa təşkilatları Azərbaycanın insan haqları öhdəliklərinə əməl etməsini tələb etməkdə daha inadkar olmalıdır.

Amerikanın Səsi: Belə görünür ki, Azərbaycan hökuməti Qərb mənbələrindən maliyyə əldə edən QHT-ləri hədəf alıb. Belə basqılar sizin və digər qurumların fəaliyyətinə necə təsir göstərir?

Natalya Nozadze: Bu, bizim Azərbaycandakı fəaliyyətimizə çox pis təsir göstərir, çünki bizi ölkədəki insan haqlarına dair məlumatlarla təmin edən təmsilçilər ya dəmir barmaqlıqlar arxasındadır, ya da ölkəni tərk edib. Bu, bizim ölkədəki işimizi çox çətinləşdirir.

XS
SM
MD
LG