Noyabrın 18-də Ukraynanın Azərbaycandakı Fəxri Konsulluğunun təsis etdiyi “Ukrayna Mərkəzi”ndə Azərbaycanda müvəqqəti məskunlaşan ukraynalılar üçün maarfiləndirici seminar keçirilib.
Bu barədə Ukrayna Mərkəzi məlumat yayıb.
Məlumatda deyilir ki, seminar Ukraynanın Azərbaycandakı Səfirliyi və Sumqayıt şəhər İvano Franko adına Ukrayna İcmasının təşəbbüsü əsasında baş tutub.
“Hüquqi, miqrasiya, təhsil və bir sıra sosial məsələlərlə bağlı sualların cavablandırılması məqsədilə təşkil olunan seminarda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə təşkilatın hüquqi kontraktorları və rəsmiləri iştirak edib.
Seminar zamanı Azərbaycanda müvəqqəti məskunlaşan Ukrayna vətəndaşlarının ən aktual problemləri, bu ilin fevral ayından qarşılaşdıqları müəyyən məsələlər, əsasən də sosial və təhsil məsələləri üzrə maarifləndirici məlumatlar, müvafiq yardım proqramları barədə məlumatlar verilib.”
Görüşdə həmçinin, təhsil üzrə məsləhətçilər də ukraynalı qaçqınların suallarına və təhsillə bağlı üzləşdikləri problemlərin həllinə aydınlıq gətirib. Onlara uyğun hüquqi yönləndirmələr edilib.
Seminarda həmçinin hökumətlərə və miqrantlara miqrasiya ilə bağlı xidmətlər və məsləhətlər verən Beynəlxalq Miqrasiya Təşkilatının ukraynalı məcburi köçkünlər üçün birdəfəlik maddi yardımın alınması ilə bağlı qeydiyyat şərtləri barədə məlumat verilib.
Rəsmi məlumatlara görə, bu ilin sentyabrınadək Azərbaycana ümumilikdə 8500 nəfər Ukrayna vətəndaşı gəlib. Bununla yanaşı, müstəqil ekspertlər ölkədə Ukrayna vətəndaşlarının sayının daha çox olduğunu bildirir. Belə ki, onların böyük bir qismi miqrasiya xidmətindən keçməyib.