Accessibility links

Göyərtəsində 15 nəfər olan İl-76 hərbi-nəqliyyat təyyarəsi İvanovo aerodromu yaxınlığında qəzaya uğrayıb


İvanovo şəhərinin Şimal aerodromunun yaxınlığında hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Bu barədə IvanovoNews teleqram kanalı xəbər verir. Rusiya Müdafiə Nazirliyi bildirib ki, İl-76-nın göyərtəsində səkkiz ekipaj üzvü və yeddi sərnişin olub.

Qubernator Stanislav Voskresenski pilotların həlak olduğunu yazıb. Qalanların taleyi barədə məlumat verilmir. Təhlükəsizlik qüvvələri ilə əlaqəli VÇK-OGPU teleqram kanalı iddia edir ki, təyyarədə olan hər kəs həlak olub.

İlkin məlumata görə, havaya qalxan zaman təyyarənin mühərriklərindən biri yanıb. Daha sonra təyyarə aerodrom yaxınlığında qəzaya uğrayıb, qəza yerindən qara tüstü qalxıb.

Baza və “112” teleqram kanallarının məlumatına görə, hərbi-nəqliyyat təyyarəsi aerodromdan uzaq olmayan Boqorodskoye kəndi yaxınlığındakı qəbiristanlığın ərazisinə düşüb. Təyyarənin bazası Tver şəhərində olub və İvanovoda təlim uçuşu həyata keçirib. Bu barədə Baza bildirib.

Mash teleqram kanalı isə yazır ki, qəzaya səbəb təyyarə mühərrikinin turbininə uçan quşlar ola bilər. Mash mənbələrinə görə, təyyarə yerə enə bilsə də, qismən dağılıb. Təcili yardım xidmətləri hadisə yerindədir. Rusiya Aerokosmik Qüvvələrinin Baş Komandanlığından ibarət komissiya İvanovo aerodromuna uçub.

İvanovo-Severnı hərbi aerodromu İvanovo şəhəri yaxınlığında yerləşir. İl-76, An-22, A-50, Tu-154 təyyarələrini, eləcə də bütün növ helikopterləri qəbul etmək qabiliyyətinə malikdir.

Forum

XS
SM
MD
LG