Accessibility links

ANAMA münaqişə zonasında 796 partlamamış hərbi sursat aşkarlayıb


Bu il yanavrın 1-dən 5-dək münaqişə zonasında 796 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd bombacıq, 8 ədəd piyada əleyhinə mina, 87 ədəd tank əleyhinə mina, 3 ədəd tank əleyhinə minanın partladıcısı və 19 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAM) məlumat yayıb.

Agentlik bildirir ki, partlayış qrupu tərəfindən 491 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib.

Agentlik həmçinin yanvarın 7-də Ağcabədi rayonu ərazisindən 1 ədəd RQD-5 əl qumbarası və Ağstafa rayonu ərazisindən 6 ədəd aviobomba (P-50) aşkar edib.

Ümumilikdə Agentlik tərəfindən 27 sentyabr 2020-ci il - 05 yanvar tarixlərində münaqişə zonasından 2 415 ədəd partlamamış hərbi sursat (PHS), 4 554 ədəd piyada əleyhinə mina, 1 517 ədəd tank əleyhinə mina, 1 915 ədəd tank əleyhinə minanın partladıcısı, 77 ədəd detonator, 1 439 ədəd 9N235 bombacıqları, 20 988 ədəd müxtəlif çaplı patronlar, 2 ədəd qaz qumbarası, 5 968 qram qara barıt, 275 kq plastik partlayıcı maddə, 150 kq amonium-nitrat tərkibli partlayıcı maddə, 27 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 7 ədəd dron (zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxemi və 1 957 ədəd partlamış raket hissələri aşkar edilib.

Sentyabr ayının 27-dən noyabrın 10-dək Dağlıq Qarabağda hərbi əməliyyatlar yenidən bərpa olunub və bu, otuz ildən çox davam edən münaqişənin davamı olub.

Noyabrın 10-da əldə edilən Azərbaycan, Ermənistan və Rusiya razılaşması hərbi əməliyaların dayandırılmasına səbəb olub. Razılaşmaya əsasən bölgəyə Rusiya sülhməramlıları yerləşdirilib.

Ekspertlər münaqişə zonasında yüz minədək mina basdırıldığını güman edir. Onlar minaların ən çox Tərtər, Ağdam və Füzuli rayonlarının ərazisində olduğunu düşünür.

Hazırda münaqişə zonasının ermənilər yaşayan hissəsində Rusiya Silahlı Qüvvələrinin minatəmizləyənləri, Azərbaycan Ordusunun nəzarətində olan hissədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA), Azərbaycan Müdafiə Nazirliyinin, Türkiyə Milli Müdafiə Nazirliyinin və Rsuiay Müdafiə Nazirliynin minatəmizləyənləri çirklənmiş sahələrin təmizlənməsi işlərini həyata keçirir.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, bu nazirliyin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində və Laçın koridorunda minalardan təmizlənməsi üzrə işləri davam etdirir.

"23 noyabr 2020-ci il tarixindən indiyədək Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri təxminən 427 hektar ərazini, 160,8 kilometr yolu, 167 tikilini, o cümlədən 22 sosial əhəmiyyətli obyekt daxil olmaqla 617 yaşayış binanı partlamamış hərbi sursatlardan təmizləyib, 19,6 min partlayıcı obyekti zərərsizləşdirib," Rusiya müdafiə Nazirliyinin məlumatda deyilir.

XS
SM
MD
LG