Accessibility links

Azərbaycan minaaxtaranları 2021-ci ildə 41,503 mina və partlamamış hərbi sursat aşkar edib


ANAMA tank əleyhinə minaları zəzərsizləşdirir
ANAMA tank əleyhinə minaları zəzərsizləşdirir

2021-ci il ərzində Azərbaycanda ümumilikdə 20,165 hektar ərazi təmizlənib, 41,503 ədəd mina və partlamamış hərbi sursat aşkar edilib.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.

Onun sözlərinə görə, ötən ilin yekunlarında 6,000 hektar ərazinin təmizlənmə öhdəliyi qarşısında, ANAMA-nın minaaxtaranları 6,201 hektar ərazini mina və partlamamış hərbi sursatlardan (PHS) təmizləyərək aidiyyəti üzrə təhvil verib.

“Nəticədə, 4,880 ədəd piyada əleyhinə mina, 2,335 ədəd tank əleyhinə mina və 11,205 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib,” o qeyd edib.

Süleymanov bildirib ki, maddi-texniki bazanın genişləndirilməsi istiqamətində xüsusi təyinatlı minatəmizləmə maşınları, maqnetik-lokator və detektorlar, minaaxtaranın alət çantası, həmçinin qoruyucu geyim dəstlərinin sayı artırılıb.

“Ötən il imzalanan müqavilələrə əsasən 2022-ci ildə də Azərbaycana əlavə texnika və avadanlıqların gətirilməsi planlaşdırılır”.

ANAMA sədri deyib ki, ABŞ-ın “Marşal İrsi İnstitutu (MLİ) ilə memorandum imzalanıb, 2023-cü ilədək ANAMA-ya 30 baş minaaxtaran itin təhvil verilməsi nəzərdə tutulub.

“Bunlardan 20 baş minaaxtaran it artıq Agentliyə göndərilib. Qeyd edim ki, xüsusi təlim keçən itlərin 12-si ANAMA-nın maliyyəsi, 18-i isə fərdi donorların ianəsi hesabına alınıb. Növbəti illərdə mövcud olan əməkdaşlığın davam etdirilməsi və yeni itlərin gətirilməsi gözlənilir,” o qeyd edib.

Rəsmi məlumatlara görə, Ermənistan və Azərbaycan arasında 30 illik münaqişədə döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 2020-ci il 10 noyabr tarixli bəyanatdan sonra həmin ərazilərdə minaya düşmələri nəticəsində 25 mülki şəxs, 7 hərbi qulluqçu həlak olub, 97 hərbi qulluqçu, 40 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Rəsmi statistikaya görə, ümumilikdə 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2,439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2,056 nəfər yaralanıb.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, bu ərazilərdə yüz minlərlə mina var.

XS
SM
MD
LG