Accessibility links

Anar Məmmədli: Belarusda və Azərbaycanda ciddi repressiya maşını çalışır


Anar Məmmədli

Seçki məsələləri üzrə beynəlxalq ekspert Anar Məmmədli Amerikanın Səsinə müsahibəsində Belarusda keçirilən seçkilər, seçkilərin regional təsirləri, siyasi sistemin seçkilərə hazırlığı, ictimaiyyətin fəallığından danışıb.

Amerikanın Səsi: Belarusda seçkidən sonrakı duruma beynəlxalq baxış necədir?

Əhalinin dinc yolla keçirdiyi aksiyaların dağıdılması, insan həyatına son qoyulması, iştirakçılardan artıq ikisinin öldürülməsi pislənməkdədir.

Anar Məmmədli: Belarusda keçirilən son prezident seçkisindən sonra dünyanın əksər demokratik ölkələrindən bu seçkilərlə bağlı kəskin reaksiyalar gəlməkdədir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Belarusda keçirilən seçkiləri mötəbər seçki qurumları müşahidə etməyib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyası ölkəyə buraxılmayıb. Eyni zamanda, Avropa Şurası bu ölkədə seçkiləri müşahidə etməyib. Avropa İttifaqından heç bir nümayəndə olmayıb. Yəni, faktiki olaraq seçkilər beynəlxalq ictimaiyyət üçün qapalı şəraitdə baş tutub. Seçkilərin beynəlxalq qiymətləndirilməsi baxımından şəffaflığı təmin olunmayıb. Buna rəğmən, ölkədəki jurnalistlərin, medianın, müxtəlif vətəndaş cəmiyyəti qruplarının seçki ilə bağlı dəyərləndirmələri və eyni zamanda seçki gecəsindən başlayaraq əhalinin seçkinin nəticələrinə etirazı dünyanın müxtəlif qurumları tərəfindən mənfi dəyərləndirilir. Seçkilərlə bağlı demək olar ki, ABŞ-dan, Böyük Britaniyadan, Avropa Birliynin aparıcı dövlətlərindən hazırda vəzifəsini icra edən Lukaşenko hökumətinə qarşı kəskin çağırışlar gəlməkdədir. Əhalinin dinc yolla keçirdiyi aksiyaların dağıdılması, insan həyatına son qoyulması, iştirakçılardan artıq ikisinin öldürülməsi pislənməkdədir.

Anar Məmmədli: Belarusda və Azərbaycanda ciddi repressiya maşını çalışır
please wait

No media source currently available

0:00 0:09:50 0:00

Amerikanın Səsi: Bu ölkədə hadisələrin inkişafı necə olacaq?

Anar Məmmədli: Hadisələrin inkişafı Belarus xalqının iradəsindən asılıdır. Belarus xalqının bu məsələdə iradəsi önəmli faktordur. Yəni, hakimiyyət öz iradəsini ortaya qoydu. Hakimiyyət seçkilərin nəticələrini qətiyyən dəyişmək niyyətində deyil. Bunu göstərdi ki, saxta seçkilərin, xüsusilə də insanların tutdurulması, seçkiqabağı dövrdə həbs olunması, təqiblərlə baş verən prosesin qələbə kimi təqdim olunmasında maraqlıdır. Amma Belarus xalqı da öz iradəsini ortaya qoymaqdadır. Hər şey Belarus xalqının iradəsindən asılı olacaq.

Amerikanın Səsi: Belarus seçkilərinin regiona təsirləri nə ola bilər? Belarusdakı qarşıdurmanın region dövlətlərinə sıçraması ehtimalı nə qədər real ola bilər?

Postsovet məkanına aid olan bir ölkə kimi burada dinc yolla, demokratik yolla, xalqın iradəsinə söykənən hakimiyyət dəyişikliyinin baş verməsi, əlbəttə, müsbət hadisə ola bilər və bir örnək kimi təqdir oluna bilər


Anar Məmmədli: Belarus bir örnəkdir. Belarus həm müsbət, həm də mənfi örnək ola bilər. Mənfi örnək, ona görə ki, postsovet məkanında xeyli belə avtoritar rejimlər var ki, illərdir azad, demokratik seçkilər keçirmirlər, seçki mühitinin demokratikləşdirilməsinə imkan vermirlər və uzun müddət hakimiyətdə qalırlar. Rusiya, Azərbaycan, Orta Asiya ölkələri bu qəbildəndir. Yəni, bu siyahıya daxildir. Bu baxımdan postsovet məkanına aid olan bir ölkə kimi burada dinc yolla, demokratik yolla, xalqın iradəsinə söykənən hakimiyyət dəyişikliyinin baş verməsi, əlbəttə, müsbət hadisə ola bilər və bir örnək kimi təqdir oluna bilər. Bunun təsiri qaçılmazdır.

Amerikanın Səsi: Belarus siyasi sistemi seçkilərə hazır idimi? Bu mənada Azərbaycanda siyasi sistemin seçki mübarizəsi və Belarus siyasi sisteminin seçki mübarizəsi barədə fikirləriniz necədir? Belarus və Azərbaycan cəmiyyətlərinin fəallığını necə qiymətləndirərdiniz?

Yəni, Belarusda da bu dəqiqə yüzdən artıq siyasi məhbus var. Azərbaycanda da iki yüzə yaxın siyasi məhbus var. Yəni, hər iki xalqın ciddi problemi, bax bu, siyasi repressiyalardır ki, ortaya çıxan liderlər, vətəndaş cəmiyyəti fəalları, müxtəlif aktivistlər daim təqib altında çalışırlar.

Anar Məmmədli: Mənə elə gəlir ki, Belarusda seçkilərlə bağlı hüquq sistemi Azərbaycanla müqayisədə daha qeyri-demokratikdir. Çünki, onların seçki prosedurları, eyni zamanda Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasına daxil olmamaları, uzun illər ərzində seçkiləri məhdudlaşdıran normativ aktların qəbulu bizim “Seçki Məcəlləsi”ni bir qədər qabağa çıxarır. Amma fəallıq baxımından, mən gördüm ki, Azərbaycanda son prezident seçkiləri ilə müqayisədə bu ölkədə indi daha fəallıq baş verdi. Vətəndaş cəmiyyəti təşkilatları, siyasi qruplar bu məhdudiyyətlərə baxmayaraq çox fəaldırlar. Bu proses, mənə elə gəlir ki, Azərbaycanla müqayisə olunmayacaq qədər ictimai-siyasi fəallıq şəklində baş verdi. Amma bizim ortaq cəhətlərimiz var. Nədi? Hər iki ölkədə ciddi repressiya maşını çalışır. Yəni, Belarusda da bu dəqiqə yüzdən artıq siyasi məhbus var. Azərbaycanda da iki yüzə yaxın siyasi məhbus var. Yəni, hər iki xalqın ciddi problemi, bax bu, siyasi repressiyalardır ki, ortaya çıxan liderlər, vətəndaş cəmiyyəti fəalları, müxtəlif aktivistlər daim təqib altında çalışırlar. Məhz son dönəm də bunu göstərdi ki, Belarusda da, Azərbaycanda da çox ciddi repressiya maşını eyni şəkildə çalışır.

Amerikanın Səsi: Bəs, siyasi sistemləri necə, Azərbaycanla müqayisədə Belarusun siyasi sistemi seçkilərə nə qədər hazır idi?

Mənə elə gəlir ki, Azərbaycanda müxalif siyasi qruplar, partiyalar özlərinin varlıqlarını indiyə qədər qoruya biliblər. Bu məsələdə, mən deyərdim ki, biz Belarusdan bir qədər müsbət mənada fərqlənirik.

Anar Məmmədli: Azərbaycanın siyasi sistemi də Belarusda olduğu kimi mərkəzləşib, yəni prezident üsul-idarəsinə əsaslanır. Demək olar ki, parlamentin heç bir rolu yoxdur. Faktiki olaraq, Azərbaycanda olduğu kimi Belarusda da bütün strukturlarda, seçkili hakimiyyət orqanlarında hakim siyasi qrupun təmsilçiləri təmsil olunur. Mən deyərdim ki, Belarus bu məsələdə Azərbaycana oxşardır. Yəni, sərt, çox geniş səlahiyyətlərə malik prezident üsul-idarəsi var. Siyasi partiyalar məsələsinə gəldikdə isə, yəni siyasi sistemin bir parçası kimi. Mənə elə gəlir ki, Azərbaycanda müxalif siyasi qruplar, partiyalar özlərinin varlıqlarını indiyə qədər qoruya biliblər. Bu məsələdə, mən deyərdim ki, biz Belarusdan bir qədər müsbət mənada fərqlənirik. Amma bu da həm də bizim Avropa Şurasının üzvü olmağımız, ATƏT-lə uzun illər sıx çalışmağımız və eyni zamanda regionda bir sıra ölkələrin ciddi geopolitik maraqlarının olması, demokratik ölkələrin Azərbaycan məsələsində Belarusla müqayisədə bəzən daha həssas davranmasının nəticəsidir. Mənə elə gəlir ki, bu məsələdə Azərbaycan Belarusdan bir az fərqlənir.

Amerikanın Səsi: Bəs seçki müşahidə institutları necə, Azərbaycanla Belarus arasında nə qədər fərq və yaxınlıq var?

Hüquqi məhdudiyyətlərin tətbiqində, eyni zamanda vətəndaş cəmiyyətinə yaradılan baryerlərdə Belarus həmişə pioner olub. Sonra bunu Rusiya təkrarlayıb, daha sonra Azərbaycan təkrarlayıb.

Anar Məmmədli: Hüquqi məhdudiyyətlər eynidir. Orada da seçkilərin müşahidəsi ilə bağlı xaricdən maliyyələşmək, müxtəlif qrupların, təşkilatların müşahidəçi kimi formalaşması qanunla qadağan olunub. Bir sıra qeyri-hökumət təşkilatlarının demək olar ki, qeydiyyatı yoxdur, qeydiyyatsız çalışırlar. Yəni, bizim üzləşdiyimiz problemlər orada da var. Amma onlarla biz bir məsələdə uyğun gəlirik, müşahidəçiliyə maraq çox yüksəkdir. Vətəndaşlar fəallıq göstərirlər. Azərbaycanda da hər dəfə seçkidə, məsələn, 500-600 insan seçkiləri müşahidə etməyə, xüsusən də gənclər maraq göstərir. Dünən, sırağagün biz Belarusda da bunun şahidi olduq. Bax, bu məsələlərdə oxşar və fərqli cəhətlər var. Ümumiyyətlə, bir şeyi anlamalıyıq ki, Belarusla Azərbaycan arasında çox oxşarlıqlar var. Hüquqi məhdudiyyətlərin tətbiqində, eyni zamanda vətəndaş cəmiyyətinə yaradılan baryerlərdə Belarus həmişə pioner olub. Sonra bunu Rusiya təkrarlayıb, daha sonra Azərbaycan təkrarlayıb. Yəni, bu üç ölkəni birləşdirən bir ümumi cəhət ondan ibarətdir ki, avtoritar idarəçiliyi daim leqallaşdırmağa çalışırlar, daim leqal normalara gətirməyə çalışırlar.

Amerikanın Səsi: Belarusdakı seçkilərin nəticələri Ukraynadakı kimi siyasi-hərbi qarşıdurma yarada bilərmi?

Hesab edirəm ki, Belarusda hazırda məsələ geopolitik seçimlə bağlı deyil. Məsələ daha çox Belarus xalqının iradəsinə söykənən, onu aldatmayan, onunla dürüst davranan bir hakimiyyətin formalaşmasındadır. Bu hakimiyyətin Rusiya meylli, Avropa meylli, Asiya meylli olmasının önəmi yoxdur.

Anar Məmmədli: Hərbi qarşıdurmanı gözləmirəm. Bəzi media orqanlarında separatizmlə bağlı müəyyən çıxışlar var. Mən bunları gözləmirəm. Hesab edirəm ki, Belarusda hazırda məsələ geopolitik seçimlə bağlı deyil. Məsələ daha çox Belarus xalqının iradəsinə söykənən, onu aldatmayan, onunla dürüst davranan bir hakimiyyətin formalaşmasındadır. Bu hakimiyyətin Rusiya meylli, Avropa meylli, Asiya meylli olmasının önəmi yoxdur. Əsas məsələ odur ki, xalqla hesablaşsın. Yəni, Belarus xalqı buna görə küçələrə çıxıb. Yəni 26 ildir eyni sifəti, üzü görür və seçkilər saxtalaşdırılır. Məsələ seçkilərin sırf dürüst qaydada keçirlməsi ilə bağlıdır. Məsələ insanların haqsız yerə həbs olunması ilə bağlıdır. Məsələ geopolitik, hərbi ittifaqlara qoşulmaq və sair bu kimi məsələlərlə bağlı deyil.

Amerikanın Səsi: Belarus seçkiləri Belarus-Azərbaycan münasibətlərinə yeniliklər gətirə bilərmi?

Lukaşenkonun hakimiyyətdə qalması, mənə elə gəlir ki, avtoritar rejimlər arasında sıx ittifaqların yaranmasına səbəb olur ki, bu tendensiyanın qarşısı alınmalıdır.


Anar Məmmədli: Əgər, Belarusda hakimiyyət dəyişikliyi baş versə, təbii ki, bu avtoritar bir ölkədə transformasiyanın baş verməsi Azərbaycan hakimiyyətinin heç də xoşuna gəlməyəcək. Əvvəlki ilıq, isti münasibətlərə sərinlik gələcək. Xüsusilə də, bildiyim qədər, ortaq iqtisadi, biznes layihələri olub ki, həmin layihələrin şəffaflığı ilə bağlı məsələlər ortaya çıxa bilər. Amma hesab etmirəm ki, Belarusda hakimiyyət dəyişikliyi Azərbaycanda ciddi narazılığa səbəb olsun. Azərbaycanın azı hakim siyasi elitası ilə bağlı. Çünki, geopolitik baxımdan Belarus elə bir xüsusi önəmli seçim edəcək ölkə deyil. Yəni, Belarus da Azərbaycan kimi Avropa Birliyi Şərq Tərəfdaşlığı layihəsinin üzvüdür. Burada çalışmalar var. Bu ölkədə dəyişikliklərin baş verməsi bizə müsbət mənada impuls verə bilər. Nəinki bizim ölkə üçün hansısa bir problemlərə gətirib çıxarar. Əksinə, Lukaşenkonun hakimiyyətdə qalması, mənə elə gəlir ki, avtoritar rejimlər arasında sıx ittifaqların yaranmasına səbəb olur ki, bu tendensiyanın qarşısı alınmalıdır. Belarusda dəyişiklik heç bir mənada bizim ölkədə xalqın mənafeyinə zidd olmayacaq.

Amerikanın Səsi: Belarus seçkiləri Belarus-Avropa İttifaqı, Belasrus-postsovet ölkələri münasibətlərinə hansı yeni baxış gətirəcək?

Lukaşenko yenidən hakimiyətə gələrsə, bu çox ciddi şəkildə Avropa Birliyi ilə Belarusun münasibətlərinə mənfi təsir göstərə bilər. Bəlkə də gələcəkdə sanksiyalar məsələsi ortaya çıxa bilər.

Anar Məmmədli: Əgər, seçkilər bu məcrada bitərsə, Lukaşenko yenidən hakimiyətə gələrsə, bu çox ciddi şəkildə Avropa Birliyi ilə Belarusun münasibətlərinə mənfi təsir göstərə bilər. Bəlkə də gələcəkdə sanksiyalar məsələsi ortaya çıxa bilər. Bəlkə də gələcəkdə sanksiyalar məsələsi ortaya çıxara bilər. Ən azından iqtisadi sanksiyalar məsələsi gündəmə gələ bilər. Müəyyən malların, məhsulların alınması və sair, bu kimi məsələlər. Hər şey gedişatdan asılıdır. Proseslərin dinc məcrada yürüməsindən asılıdır. Ancaq, postsovet məkanı üçün, mən deməzdim ki, Belarusda baş verən hadisələrin xüsusi bir önəmi olacaq. Çünki Belarus çox ciddi siyasi, geopolitik maraqları olmayan, bölgədə heç bir geopolitik ittifaqlara qoşulmayan, bir qədər də neytrallığını qoruyan ölkədir. Mən inanmıram ki, postsovet məkanında Belarusda baş verən dəyişikliklər hansısa mənfi nəticələr doğursun.

Qeyd: Bir qayda olaraq Azərbaycan hökuməti ölkədə xalqın iradəsini əks etdirən azad və ədalətli seçkilərin keçirildiyini bəyan edir. Ölkə rəhbərləri bütün fundamental azadlıqların, o cümlədən birləşmək, toplaşmaq, fikir azadlığının tam təmin edildyini bildirir. Rəsmi Bakı siyasi məhbusların olmadığını deyir.

Bununla yanaşı, beynəlxalq seçki müşahidə missiyaları Azərbaycanda son dövrlərdə ATƏT standartlarına uyğun seçkilərin keçirilmədiyini bildirib. Hüquq müdafiə təşkilatları 130-dan çox siyasi məhbusun, Amnesty İnternational ondan çox vicdan məhbusunun olduğunu bəyan edib. Azərbaycan beynəlxalq mətbuat azadlığı indeksində 180 ölkə arasında 168-ci yeri bölüşür.

XS
SM
MD
LG