Accessibility links

Anar Məmmədli: Bununla vətəndaşlara mesaj verirlər ki, ölkədə heç kim istədiyi vaxt etiraz edə bilməz


Anar Məmmədli: Bununla vətəndaşlara mesaj verirlər ki, ölkədə heç kim istədiyi vaxt etiraz edə bilməz
please wait

No media source currently available

0:00 0:22:22 0:00

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Anar Məmmədli Amerikanın Səsinə müsahibəsində Bakıda polisin reyd zamanı vətəndaşlarla rəftarı, Azərbaycan hökumətinin koronavirusa qarşı mübarizə səyləri və beynəlxalq ictimaiyyətin reaksiyalarından danışıb.

“Yasamal rayonunda baş vermiş bu hadisə mən deyərdim ki, dünyada analoqu olmayan olaylardan biri idi. Çünki Yasamalda Dadaş Bünyadzadə küçəsində yerləşən binaya polisin iki gün öncə həyata keçirdiyi əməliyyat insanların cəzalandırılmasına və cəzalandırılarkən onların alçaldılaraq cəzalandırılmasına yönəlmiş akt idi”, hüquq müdafiəçisi bildirib.

Anar Məmmədli polis reydi zamanı saxlanılmış vətəndaşın hüquqlarını müdafiə edən vəkil Cavad Cavadovun Vəkillər Kollegiyasının Rəyasət Heyətinə dəvət olunaraq xəbərdarlıq aldığını qeyd edib.

Yəni ölkədə siyasi bir qorxu mühiti var, insanlar polis, güc strukturlarına etiraz etməsinlər. Səbəbi nə olursa olsun, öz etirazlarını bildirməsinlər.

“Yəni insan Yasamalda xəsarət almış bir şəxsin işgəncələrə məzur qalması ilə bağlı onunla müqavilə bağlayır ki, onun hüquqlarını müdafiə edəcək, bu hadisəni ictimailəşdirir, onun aldığı bədən xəsarətlərinin həkimlər tərəfindən, ekspertiza tərəfindən verilməsinə çalışır, bu xidmətinə görə o da yenidən cəzalandırılır. Bütün bunlar Azərbaycanda hüquq və azadlıqların nə dərəcədə qorunması ilə bağlı bir əyani hadisədir, bir sübutdur.”

Hüquq müdafiəçisi polis əməkdaşlarının binaya daxil olaraq, vətəndaşları mənzillərindən zorla çıxardığını göstərən video görüntüləri şərh edərkən polisin “alçaldığı rəftarının mənəvi cəzalandırma və qorxu yaratmaq” məqsədi daşıdığını bildirib.

“Birincisi, birmənalı şəkildə siyahı üzrə gəldikləri evlərə bunların soxulması həmin insanların alçaldılmasına görədir. Yəni onları alçaltmaq və onları bununla hansısa formada mənəvi şəkildə cəzalandırmaq. Çünki əllərində video çəkilişlər də aparırdılar. Bir insanı tuturlar yarı çılpaq vəziyyətdə, başı aşağı vəziyyətdə aparırlar və onu həm də videoya çəkirlər. Burada birinci həmin insanı alçaltmağa yönəltməkdir, yəni `biz səni gördün alçaltdıq`. İkinci bir məsələ, mən razıyam ki, burada ikinci niyyət qorxu mühitini qorumaqdır. Yəni ölkədə siyasi bir qorxu mühiti var, insanlar polis, güc strukturlarına etiraz etməsinlər. Səbəbi nə olursa olsun, öz etirazlarını bildirməsinlər. Başqalarına da görk olsun deyə, bu şəxsləri bax bu formada, alçaldıcı şəkildə `biz saxlamaqla, alçaltmaqla göstərmək istəyirik ki, heç kim poisə etiraz etməsin, fərqi yoxdur hansı səbəbdən, özünün etirazını bildirməsin` Yəni bu olayın adı vandalizmdir. Bu, polisin törətdiyi vandalizmdir.”

Anar Məmmədli beynəlxalq təşkilatların Azərbaycan hökumətinin koronavirus epidemiyası dövrü karantin tədbirlərindən sui-istifadə edərək, tənqidi düşünənlərə qarşı təqibləri artırması ilə bağlı narahatlıqlarını bölüşdüyünü bildirib. Lakin o, siyasi opponentlərə qarşı təzyiqlərin davam etdiyi vaxt son hadisənin vətəndaşlara verilən mesaj olduğunu düşündüyünü deyib.

“Ölkədə həsblər aparılır, siyasi təzyiqlər var və bununla bağlı çoxsaylı şikayətlər var. Beynəlxalq təşkilatlar münasibətini bildirdir. Bu yaxınlarda Amnesty International. Freedom House, Human Rights Watch, bir sıra beynəlxalq təşkilatlar etirazlarını bildirdilər. Hətta Avropa Şurası Parlament Assambleyasının nümayəndələri, eyni zamanda, Avropa Şurasının bir sıra strukturlarının təmsilçiləri siyasi həbslərlə bağlı olayları pislədilər. Bunun ardınca Yasamalda baş verən olay nəyin göstəricisidir. Yəni biz siyasiləri, siyasi aktivistləri tuturuq, həbs edirik, bu, siyasi fəallara olan bir mesajdır, siyasi qruplara olan bir mesajdır. Bir də var ki, sadə vətəndaşlara verilən mesaj. Çünki vətəndaşlar da bu prosesdən narazıdır. İnsanlar bu karantin rejimində sosial-iqtisadi çətinliklərlə üzləşirlər. Psixoloji sarsıntı yaşayanları var. Bunun həssas qrupları var, xəstəliklərdən əziyyəyt çəkənləri var. Amma buna rağmən heç kim etiraz etməsin. Heç kim sorğulamasın. Bax, belə bir təfəkkürlə yanaşırlar və Yasamaldakı olay buna bir nümunədir ki, `biz partiyalarla məsələni çürütdük, biz siyasi təşkilatlarla bu məsələni apardıq, biz xeyli sayda həbslər həyata keçirdik, amma buna rağmən yenə də etiraz edənlər varsa, onlar cəzalandırılmalıdır, ağır formada cəzalandırılmalıdır` və bununla da ölkədə bütün vətəndaşlara mesaj vermək istəyirlər ki, heç kim istədiyi zaman etiraz edə bilməz, öz fikrini sərbəst şəkildə ifadə edə bilməz. Bax, niyyət bundan ibarətdir.”

Anar Məmmədli bildirib ki, beynəlxalq qurumlar hadisə ilə bağlı öz münasibətlərini bildirməli və “Azərbaycan hökuməti beynəlxalq təşkilatların çox ciddi təpkisi ilə üzləşməlidir”.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG