Accessibility links

Anar Məmmədli: Seçki şəraitini yetərincə qeyri-demokratik adlandırmaq olar


Anar Məmmədli ilə müsahibə
please wait

No media source currently available

0:00 0:13:09 0:00

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibədə Azərbaycanda növbədənkənar prezident seçkilərinin monitorinqi üçün şərait və seçkiöncəsi durumdan danışıb.

Anar Məmmədli seçkilərin keçirilməsi üçün ifadə azadlığı, sərbəst toplaşmaq və birləşmə azadlığının vacib şərtlər sırasında olduğunu vurğulayıb. Lakin o, seçki ərəfəsi və seçki dövründə bu azadlıqlarla bağlı durumun narahat doğurduğunu qeyd edib.

“Mənim 10 ildən artıq seçkiləri müşahidə təcrübəm var. Əvvəlki seçkilərlə müqayisədə qeyd edə bilərəm ki, indi ölkədə ifadə azadlığı ilə bağlı, sərbəst toplaşmaq və birləşmə azadlığı ilə bağlı problemlər, hakimiyyətin yaratdığı məhdudiyyətlər ötən illər keçirilən seçkilərlə müqayisədə daha ağır formada təzahür edir. Digər bir məsələ seçki prosesinin təşkili ilə bağlı hüquqi bir mühitin olmasıdır. Yəni təkcə siyasi azadlıqlarla bağlı vəziyyət dedikdə hakimiyyətin yaratdığı basqılar deyil, həm də ölkədə qüvvədə olan qanunlar bu şəraitin demokratik qaydada keçirilməsinə imkan verməlidir.”

Anar Məmmədli seçki məcəlləsi ilə bağlı vəziyyət, ölkədə ifadə azadığı, sərbəst toplaşmaq və birləşmə azadlığını tənzimləyən normativ aktlarının zəruri formada olmasını vacib elementlər kimi qeyd edib.

“Amma təəssüf ki, 2003-cü ildə Azərbaycanda seçki məcəlləsi qəbul ediləndən bu yana qədər dəfələrlə onda mürtəce xarakterli, reqressiv dəyişikliklər baş verib və bu dəyişikliklər demək olar ki, seçki məcəlləsini ilk dönəmdə, yəni 2003-cü ilin iyunundan ötən müddət ərzində seçki şəraitini daha da seçki şəraitini məhdudlaşdıran, seçki prosesində bütün iştirakçıların maraqlarını təmin edən qanundan yetərincə məhdudlaşdırıcı, yetərincə mürtəce müddəaların yer aldığı bir normativ akta çevrildi.”

Anar Məmmədli ifadə azadlığının məhdudlaşdırılması, müstəqil və müxalifyönlü veb səhifələrin bloklanmasını xüsusi qeyd edib.

“2017-ci ilin martında informasiya yayımla bağlı qanuna dəyişikliklər edildi və sayatların bloklanması məsələsi Rabitə və İnformasiya Nazirliyinin səlahiyyətinə verildi. Bu, 2017-cilin martında qəbul edildi, üstündən iki ay keçməmiş beş müstəqil və müxalif hesab edilən veb portala blok qoyuldu və AzadlıqRadiosudur, Azadlıq qəzetidir və başqa digər müstəqil və müxalif yönlü sayılan veb portallara ölkədə giriş qadağan edildi. Yəni bütün bunlar belə deyək, seçki şəraitinin yetərincə qeyri-demokratik, ölkədə azad iradənin ifadəsi ilə bağlı imkanların maksimum şəkildə məhdudlaşdırılmasının göstəricisidir və belə bir vəziyyətdə növbədənkənar prezident seçkisi keçirilir.”

Anar Məmmədli yerli və beynəlxalq müşahidə qruplarının monitorinqi üçün şəraitdən danışıb.

“Yerli müşahidə missiyalarının təşkili ilə bağlı birinci növbədə baxmaq lazımdır bu prosesdə iştirak edən partiyalardan müşahidəçilərə, seçki bloklarına və vətəndaş cəmiyyətlərini təmsil edən müşahidə qruplarına. Siyasi partiyaları təmsil edən müşahidə qrupları ilə bağlı onu qeyd edə bilərəm ki, bu son günlərdə, son bir həftə ərzində seçki prosesi ilə bağlı partiyalarının verdiyi boykot qərarları yəqin ki onların müşahidə missiyalarına, müşahidə fəaliyyətinə təsir edəcək.”

Anar Məmmədli qeyd edib ki, son üç ildə qeyri-hökumət təşkilatları ilə bağlı qanunvericilik aktlarının dəyişdirilməsi, onlara qarşı repressiv fəaliyyət vətəndaş cəmiyyəti təşkilatlarının yerli müşahidəçilik fəaliyyətinə mənfi təsir göstərir.

“Yəni bu gün ölkədə seminar keçirməyə, təlim keçirməyə, bir mətbuat konfransı keçirməyə Bakı və digər bölgələrdə yerlər yoxdursa, bütün bu iaşə obyektlər, ictimai yerlər, qapalı məkanlar əgər yerli icra hakimiyyətlərinin birbaşa nəzatindədirsə yerli seçki müşahidə qruplarını necə hazırlamaq olar, necə onlara təlim, seminar keçirmək olar? Bu imkanlar demək olar ki əldən çıxıb.”

Anar Məmmədlinin sözlərinə görə, seçkinin erkən keçirilməsi qərarı beynəlxalq təşkilatların monitorinq missiyalarını həyata keçirməsi qarşısında çətinlik yarada bilər.

“Məndə olan məlumata görə, ATƏT-ə rəsmi dəvətnamə göndərilib. Ancaq ATƏT-in daxili prosedur qaydaları belədir ki, mütləq qiymətləndirmə missiyası göndərilməlidir və gələcək seçki missiyasının tərkibi və onun həcmi ilə bağlı qərar verilməlidir. Bunun üçün də müddət çox azdır. Bunun üçün Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun çox qısa bir zamanda böyük bir missiya hazırlayıb Bakıya, Azərbaycana göndərəcəyinə inanmıram.”

Anar Məmmədli beynəlxalq qurumların Azərbaycanda seçki mühitinin yaxşılaşdırılması ilə bağlı tövsiyələrinin icra edilməsi istiqamətində nailiyyətin olmadığını bildirib və beynəlxalq təşkilatların məsələyə reaksiya verməli olduğunu deyib.

“Mən hesab edirəm ki, ATƏT-in və digər qurumların tövsiyələrinin icrası ilə bağlı Azərbaycanda ciddi nailiyyətlər, yəni ümumiyyətlə nailiyyət deyə bir şey yoxdur. Və bu, çox ürəkağrıdan bir mənzərədir. Və belə bir durumda təbii ki Azərbaycandakı seçki şəraitini tamamilə beynəlxalq nəzarətdən, beynəlxalq tövsiyələri, beynəlxalq prinsipləri gözardına alan bir proses kimi qiymətləndirmək olar. Mənə elə gəlir ki, hər şey göz qabağındadır. Sadəcə bu məsələlərlə bağlı beynəlxalq təşkilatların, eyni zamanda Azərbaycanın üzvü olduğu, üzərinə öhdəliklər götürdüyü təşkilatların ciddi şəkildə siqnal verməsinə, ciddi şəkildə bu məsələlərə təpkilər verməsinə ehtiyac var.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG