Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi 11 aprel prezident seçkisinin bütün mərhələləri üzrə qiymətləndirmə aparıb. Müşahidəçilər səsvermə günü və səslərin sayılması zamanı "seçki prosesinə ziyan vuran ənənəvi və ciddi qanun pozuntularının olduğunu" qeyd ediblər. Mərkəz rəsmi nəticələr üzərində detallı analiz sayəsində elan olunmuş rəqəmlərlə bağlı ciddi uyğunsuzluqların müəyyən edildiyini bildirib. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibədə müşahidənin nəticələrindən danışıb.
Seçkilərdə rəqabətli şeçki mühiti təmin olunmayıb
“Bu seçkilərdə rəqabətli şeçki mühiti təmin olunmayıb. Seçki dövrü yetərincə siyasi azadlıqların boğulması, məhdudlaşması ilə müşayiət olunduğundan azad və demokratik, ədalətli hesab oluna bilməz. Seçki dövründə, xüsusilə də seçkilərin təyin edilməsi, seçkiqabağı təşviqat kampaniyası dövründə və seçkilərə qədər olan dönəmdə ölkədəki siyasi mühit demokratik hesab oluna bilməz. Və belə bir şəraitdə əvsuslar olsun ki, seçicilərin həm rəqabətli, həm alternativli seçki yarışının şahidi olmaq imkanları da məhdudlaşıb.”
Beynəlxalq müşahidəçilərin nəticələri siyasi reallıqları əks etdirir
Seçki dövrü yetərincə siyasi azadlıqların boğulması, məhdudlaşması ilə müşayiət olunduğundan azad və demokratik, ədalətli hesab oluna bilməz.Anar Məmmədli
“Biz hesab edirik ki, bu nəticələr yetərincə Azərbaycanın siyasi reallıqları ilə uyğundur. Yəni istər ifadə azadlığı, istər sərbəst toplaşmaq azadlığı, birləşmə azadlığı ilə bağlı hesabatda yer alan fikirlər, eyni zamanda, hesabat müəlliflərinin, hesabatı ortaya çıxaran missiyanın seçki günü ilə bağlı gəldiyi qənaəti tam bölüşürük. Çünki biz də gün ərzində müxtəlif məntəqələrdə olmuş müşahidəçilərdən, vətəndaşlardan, seçicilərdən aldığımız məlumatlar əsasında, seçki günü yetərincə pozuntuların olduğu, xüsusilə də seçki prosesində seçki qutusuna seçki bülletenlərinin atılması, adları seçici siyahısında olmayan şəxslərin qanunsuz halda səsvermədə iştirakı kimi halları eşitmişik, duymuşuq, bununla bağlı məlumatlar almışıq. Yəni bütün bunlar onu göstərir ki, beynəlxalq təşkilatlar da elə yerli ölkə vətəndaşlarının gördüyü pozuntuları görüblər. Yəni onlar bizim də yaşadığımız bu mühitin son bir ay müddətində bir parçası olublar. Yəni ölkəni gəziblər, prosesin qiymətləndirməsini aparıblar. Mən hesab edirəm ki, onların gəldiyi qənaət yetərincə ölkə reallıqlarını əks etdirir, tamamilə Azərbaycandakı seçki prosesinə adekvatdır.
Seçki fəallığı ilə bağlı ciddi pozuntuları aşkar etmişik
Seçki günü yetərincə pozuntuların olduğu, xüsusilə də seçki qutusuna seçki bülletenlərinin atılması, adları seçici siyahısında olmayan şəxslərin qanunsuz halda səsvermədə iştirakı kimi halları eşitmişik, duymuşuq.Anar Məmmədli
“Biz uzun illər ərzində Azərbaycanda seçki müşahidəçiliyini təbliğ etmiş, bununla bağlı bəlli bir təcrübə toplamış təşkilatıq. Bizim özümüzün həm ölkə daxilində, ölkə xaricindən kənarda yetərincə etimad göstərən isanlar, təşkilatlar var. Xüsusilə də bizim əməkdaşlıq etdiyimiz təşkilatlar sırasında Azərbaycandakı vətəndaş cəmiyyətləri qruplarını göstərə bilərəm, ölkədəki siyasi partiyalar, eyni zamanda, ölkə xaricində Avropa Şurası, ATƏT, Avropa Parlamenti, Avropa Birliyi strukturları kimi qurumlar və təbii ki əməkdaşlıq etdiyimiz beynəlxalq qeyri-hökumət təşkilatları bizim rəylərimizi mötəbər hesab edirlər. Biz maksimum çalışırıq ki, tərəfsiz olaq və müstəqil qiymətləndirmə aparaq. Dünən də gün ərzində bizim əldə etdiyimiz məlumatları biz maksimum çalışmışıq ki, obyektiv şəkildə analiz edək. Və analizin nəticələri dünən sonuncu məlumatlar daxil olduqdan sonra bizim ilkin bəyanata daxil edildi və bizim bu ilkin bəyanatda yer aldı. Amma bu ilkin bəyanatla yanaşı, biz araşdırmalarımızı davam etdiririk. Məsələn, bu gün bizə ölkə üzrə 13 seçki dairəsindən məlumatlar daxil olub və biz o məlumatları sonradan Mərkəzi Seçki Komissiyasının rəsmi veb saytı ilə da tutuşdurmağa başladıq, çünki Mərkəzi Seçki Komissiyasında bu rəqəmlər yerləşdirilib. Orada seçici fəallığı ilə bağlı çox ciddi pozuntuları aşkarlamış olduq. Və biz bu nəticələri birinci olaraq ölkə ictimaiyyətinə çatdıracağıq. Amma mən çox təəssüf edirəm ki, biz nə qədər ölkə ictimaiyyətinə bu məlumatı versək də, birinci növbədə bu məsələyə reaksiya verməli olan seçki komissiyaları, Mərkəzi Seçki Komissiyası əfsuslar olsun ki, reaksiya vermir, dövlət orqanları reaksiya vermir. Əvəzində biz onların saymamazlığının, prosesə belə laqeyd, etinasız yanaşmağının şahidi oluruq.”