Accessibility links

Ancelina Joli Bred Pitdən boşanır


Hollivudun ən tanınmış cütlərindən biri ayrılmaq qərarına gəlib.

Əyləncə internet səhfəsi olan TMZ-nin verdiyi məlumata görə Ancelina Joli həyat yoldaşı Bred Pitdən boşanmaq üçün məhkəməyə müraciət edib.

O buna səbəb olaraq aralarında mövcud fərqlilikləri göstərib. Joli uşaqların onda qalmasını, Pitt isə ona uşaqlarla görüşmək hüququ verilməsini tələb edib.

Joli Pitdən həyat yoldaşı kimi maliyyə dəstəyi istəməyəcək.

TMZ-nin xəbərinə görə cütlük sentyabrın 15 rəsmi olaraq boşanıb. Onlar 2014-cü il avqust ayında evlənsələr də, 2004-cü ildən bir yerdə idilər.

Bred Pitt ​People jurnalına açıqlamasında deyib: “Mən bundan çox kədərləndim. Lakin mühim olan uşaqlarımıza yaxşı baxmaqdır.” O həmçinin jurnalistlərdən belə bir çətin vaxtda uşaqlarını narahat etməmələrini xahiş edib.

Beynəlxalq ailə

Cütlüyün beynəlxalq ailəsi medianın hər zaman diqqət mərkəzində olub. Ancelina Joli ilk övladı olan oğlanı 2002-ci ildə Kambocada, daha sonra ilk qızını 2005-ci ildə Efiopiyada uşaq evindən götürüb. Bred Pitt rəsmi olaraq iki uşağı 2006-ci ildə övladlığa qəbul edib. Daha sonra 2006-cı ildə Pitt və Jolinin ilk övladı dünyaya gəlib. 2007-ci ildə isə cütlük Vyetnamda oğulluğa uşaq götürüb.

2008-ci ildə Joli əkiz qız və oğlanı dünyaya gətirib. Uşaqların bir yerdə çəkilmiş şəkli 14 miliyon dollara satılıb. Bu məbləğ cütlüyün xeyriyyə təşkilatına ianə olunub.

Humanitar sahədə fəaliyyət

Ancelina Joli 10 ildən artıqdır BMT-nin Qaçqınlar Agentliyinin Xoşməramlı səfiridir. 2012-ci ildən bəri o, BMT-nin ali komissarının xüsusi elçisi kimi fəaliyyət göstərir. O, dünya boyu səfərlər edərək qaçqınların problemlərinə diqqət çəkir.

Bred Pitt dünyanın inkişaf etməkdə olan ölkələrində QİÇS-ə qarşı mübarizə aparan ONE Kampaniyasına dəstək verir. O həmçinin 2005-ci ildə Nyu Orlean şəhərində Katrina qasırğasından sonra sakinlərin ekoloji baxımdan təmiz evlərdə yerləşdirilməsi lahiyəsini dəstəkləyir.

Bred Pitin həyat yoldaşı ilə birlikdə qurduğu Joli -Pitt xeyriyyə fondu Sərhədsiz Həkimlər və Uşaqlar üçün Qlobal Aksiya təşkilatları da daxil olmaqla bir çox beynəlxalq humanitar lahiyələrə ianələr edib.

XS
SM
MD
LG