Accessibility links

Ane Bonde: İnsanların şəhərin mərkəzində fikirlərini ifadə etməsi təhlükəli deyil


Onun fikrincə, beynəlxalq təşkilatlar Azərbaycanın regionlarına diqqəti artırmalıdır

Mərkəzi qərargahı Osloda yerləşən Beynəlxalq İnsan Haqları Evi Fondunun Şərqi Avropa və Qafqaz üzrə regional meneceri Ane Bonde Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycanda insan hüquqları sahəsində ciddi problemlərin olduğunu bildirib. O bu günlərdə Şirvan regionunda 2010-cu ildə Kür daşqınları zamanı ziyan çəkmiş insanlarla görüşüb.

Sual: Kür daşqınları zonasına səfərdən hansı təəssüratla qayıdıbsınız?

Cavab: Mən orada sel daşqınları zamanı ziyan çəkmiş bir neçə sakinlə görüşdüm. Onlar dağılmış evləri ilə bağlı kompensasiya almadıqlarını bildirdi. Sakinlər deyirdilər ki, onların yerli icra orqanlarına müraciətləri cavabsız qalır. Hətta, kompensasiya almadıqları ilə bağlı şikayət edəndə təzyiqlərlə də üzləşiblər.

Biz orada, geniş korrupsiyanın da şahidi olduq. Belə ki, bəzi şəxslər kompensasiya alıb, digərləri isə almayıb. Bu isə sistemin qeyri-şəffaf olmasının əlamətidir.

Şirvan zonasında hüquq müdafiə təşkilatlarının işi ilə də tanış olduq. Əmin olduq ki, sel daşqınlarından əziyyət çəkən insanların hüquqi yardım alması üçün oraya çoxlu sayda vəkillər göndərmək lazımdır.

Sual: Sizin təşkilat “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin həbsdən azad edilməsi xahişi ilə hökumətə müraciət edib. Müraciətinizə cavab verilibmi?

Cavab: Biz hökumətə ötən həftə müraciət etmişik. Xeyr, hələ cavab almamışıq. Amma, ümid edirik ki, cavab gələcək. İstəyirik ki, daha çox beynəlxalq təşkilat regionda çalışan hüquq müdafiəçilərinin vəziyyəti ilə maraqlansın. Beynəlxalq təşkilatların həm də Oqtay Gülalıyevin həbsdən azad edilməsi tələbi ilə hökumətə müraciət etməsini istəyirik.

Cənab Gülalıyevin həbsdən azad edilməsi tələbindən başqa, bir tələbimiz də onun həbsxanada fiziki təzyiqə məruz qalmasının araşdırmasıdır. Çünki bizim məlumatımıza görə, Oqtay Gülalıyev həbsxanada döyülüb. Biz bunları hökumətdən tələb etməsək və cənab Gülalıyevi döyənlərin cəzalandırılmasına nail olunmasa, bu digər hüquq müdafiəçilərinin qorxusuna səbəb ola bilər. Bu isə hüquq müdafiəçilərinin həqiqəti deməkdən çəkinməsinə gətirib çıxara bilər.

Sevindirici isə odur ki, daşqından zərər çəkmiş insanlar daha çox məlumatlıdır və hətta topladıqları sənədlər əsasında şikayət etməyə hazırdırlar.

Sual: Son dövrlər Azərbaycanda etiraz aksiyalarının monitorinqini aparıbsınız. Vəziyyəti necə qiymətləndirirsiniz?

Cavab: Mayın 23-də “Demokratiya naminə oxu!” kampaniyasının yürüşünü və mayın 24-də İctimai Palatanın İctimai televiziyanın qarşısındakı etiraz aksiyasını müşahidə etdik. Müxalifətin piketi zamanı polis zorakılığının, onların zorla avtobuslara doldurulduqlarının şahidi olduq. Buna çox təəssüf etdik. Vəkillərdən öyrəndik ki, piketlə bağlı həbs edilənlər olub, polis həmin şəxsləri öncə evlərindən aparıb. Bir şəxs isə artıq iki gündür həbsdə qalmaqdadır. “Demokratiya naminə oxu!” kampaniyasının yürüşü ilə bağlı isə onu deyə bilərəm ki, polis öncə onları bulvar istiqamətində buraxmasa da, sonradan yürüşçülərə mane olmadı. Çox dinc bir yürüş baş tutdu. Bu onu göstərir ki, hakimiyyət insanların öz fikirlərini azad ifadə etməsinə icazə verməkdən çəkinməməlidir. Burada təhlükəli heç nə yoxdur. İnsanlar şəhərin mərkəzində də fikirlərini dinc şəkildə ifadə edə bilir.

Sual: Beynəlxalq hüquq müdafiə təşkilatlarının tələblərinə baxmayaraq Amnesty İnternational təşkilatının vicdan məhbusu kimi tanıdığı ondan çox insan hələ də həbsdədir. “Eurovision” mahnı müsabiqəsi başa çatdıqdan sonra ölkədə insan hüquqlarının vəziyyətini necə proqnozlaşdırırsınız?

Cavab: Bəli, biz “Eurovision” başa çatdıqdan sonra da monitorinqimizi davam etdirəcəyik. Bununla yanaşı, beynəlxalq təşkilatlar və Azərbaycan üzrə Beynəlxalq Təşəbbüs qrupu ilə birgə Azərbaycana beynəlxalq diqqətin artırılması təşəbbüsünü irəli sürəcəyik.

XS
SM
MD
LG