Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi Fuad Oktay deyib ki, Türkiyə Rusiyadan S-400 raket sistemi alınmasına dair razılışma ilə əlaqədar ABŞ-ın sanksiyalarına boyun əyməyəcək.
Vaşinqton bu sistemlərin NATO avadanlığı ilə uyğun gəlmədiyini və bunun F-35 tipli döyüş təyyarələrini təhlükə altına ala biləcəyini bildirib. ABŞ Türkiyənin Rusiyadan raket sistemini alması ilə əlaqədar Ankaraya qarşı sanksiyaların tətbiq edilməsinin mümkünlüyü ilə hədələyib.
F-35 təyyarələrinin istehsalında tərəfdaş ölkələrdən biri olan Türkiyə həm də bu təyyarələrin alıcısı mövqeyindədir. Ankara S-400 raket müdafiə sistemi və Amerikanın Lockerd Martin şirkəti tərəfindən istehsal edilən döyüş təyyarələrinin bir-birinə təsir göstərməyəcəyini və Rusiya ilə razılaşmadan geri çəkilməyəcəyini bildirib.
Türkiyə S-400 sisteminin mümkün təsirlərini öyrənmək üçün Vaşinqtonla işçi qrupun yaradılması təklifini irəli sürdüyünü, lakin hələlik buna cavab almadığını bildirib.
Kanal 7 tele kanalına müsahibə verən Fuad Oktay ABŞ-ın narahatlıqlarının əsassız olduğunu və S-400 sisteminin planlaşdırıldığı kimi iyul ayında çatdırılması üçün qoyulmuş vaxtın dəyişdirilməyəcəyini deyib.
“Türkiyə bir anlaşmaya imza atarsa, öz sözünü tutar. Biz bu anlaşmaya imza atdıq və ödənişlər etdik” – deyə o bildirib.
Birləşmiş Ştatlar Türkiyəyə həmçinin Patriot müdafiə sistemi satışını təklif edib. Türkiyənin müdafiə naziri Hulusi Akarın bildirdiyi kimi, Ankara bu təklifi dəyərləndirməyə davam edir.
Stoltenberq Türkiyə-ABŞ danışıqlarını alqışlayır
Türkiyəyə gələn həftə səfər edəcək NATO baş katibi Yens Stoltenberq Anadolu xəbər agentliyinə verdiyi müsahibəsində müdafiə ilə bağlı qərarların ölkələrin özləri tərəfindən verildiyini deyib.
“Müdafiə texnikasının alınması ölkələr üçün milli qərardır, lakin müttəfiq orduların birgə işləməsi NATO üçün əməliyyatların və missiyaların yerinə yetirilməsində fundamental məsələdir” - deyə o bildirib.
Stoltenberq Türkiyə və Birləşmiş Ştatlar arasında Amerikanın Patriot hava müdafiə sistemi ilə bağlı danışıqları, eləcə də Türkiyənin Fransa-İtaliya EUROSAM konsorsiumu ilə SAMP-T sistemlərinə dair danışıqlarını alqışlayıb. Bu, transatlantik alyans tərəfindən Ankaraya Rusiya istehsalı olan S-400 raket sistemindən imtina etməsi üçün “yumşaq təzyiq” kimi qiymətləndirilir.
Reuters agentliyinin mart ayında verdiyi məlumata əsasən, Vaşinqton Türkiyənin F-35 tipli döyüş təyyarələrinin istehsalı layihəsindən çıxarılıb-çıxarılmaması məsələsini nəzərdən keçirdiyi haqda məlumat vermişdi.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçən həftə F-35 layihəsinin Türkiyə olmadan çökəcəyini deyib.