Accessibility links

Ankarada Əziz Purvəlinin 40 mərasimi keçirilib


Türkiyə paytaxtı Ankarada güneyli fəal mərhum Əziz Purvəlinin 40 mərasimi keçirilib.

İyunun 29-da keçirilən mərasimdə müxtəlif ölkələrdən fəallar, tələbələr və dərnək üzvləri iştirak edib.

Mərasim Türkiyə və Azərbaycan milli himnlərinin səsləndirilməsi ilə başlayıb, ardınca Azərbaycan Milli Dirəniş Təşkilatının mərkəzi komitə üzvü Məcid Araz açılış nitqi söyləyib.

Natiqlər mərhumun tolerant və vətənpərvər xüsusiyyətlərinə diqqət çəkərək Əziz Purvəlinin siyasi irsini yad ediblər.

"Dirəniş Simgəsi" başlığı altında keçirilən mərasimdə türk milli fəal Güntay Səduqi, şair Məsud Haray və Ankarada Azərbaycan Kültür Dərnəyi idarə heyətinin üzvü Selçuk Önal çıxış edərək mərhum Əziz Purvəlinin siyasi mübarizəsini yad edib.

Güntay Səduqi Purvəlinin siyasi mübarizə həyatında hər zaman müxtəlif siyasi cərəyanların nümayəndələri ilə tolerantlı davrandığını və həbsxanada ikən Yeni GAMOH təşkilatının mərkəzi komitə üzvləri ilə birlikdə aclıq aksiyasına başladığını vurğulayıb.

Güneyli şair Məsud Haray yeni çap olunmuş şeir kitabından bəzi parçalar oxumuş, Purvəlidən bir xatirə paylaşmış və mərhumun təmkinli və tolerant xüsusiyyətinə diqqət çəkib.

İsmail Cavadi öz nitqində mərhumun siyasi fəaliyyət həyatının yazılmasının zəruriliyini və gələcək nəsillərə doğru şəkildə çatdırılmasını ifadə edib.

Mərasimə İran azərbaycanlıları ilə maraqlanan müxtəlif ölkələrdən, o cümlədən Özbəkistan, Azərbaycan, Türkiyə, Türkmənistan tələbələr İran Azərbaycanında türklərə qarşı təzyiqlər və orada mövcud xalq hərəkatı haqqında fikirlərini paylaşıblar.

Sonda İran Azərbaycanının siyasi fəalları tərəfindən hazırlanmış və Əziz Purvəlinin siyasi irsinə həsr edilmiş "Dirəniş Simgəsi" adlı kitabça iştirakçılara təqdim edilib.

XS
SM
MD
LG