Accessibility links

ABŞ və Britaniya korrupsiya "epidemiyasına" görə məsuliyyəti bölüşür


Britain Anti Corruption Summit
Britain Anti Corruption Summit

Bu gün korrupsiyaya qarşı ümümdünya sammiti Britaniya və Birləşmiş Ştatlar üçün yürütdükləri siyasətə və inkişaf etməkdə olan ölkələrin korrupsioner siyasətçilərinin oğurladığı milyardlarla dolların saxlanmasında oynadıqları rola nəzər salıb.

London sammiti diqqəti qlobal korrupsiyaya yönəldərək, xüsusilə Afrika generalları, oliqarxlar və rüşvətxor diktatorları qeyd edib. Oğurlanan sərvətlərin havadarları bu ölkələrdəki banklar və daşınmaz əmlak brokerləridir.

Britaniyanın baş naziri Deyvid Kameron bir sıra tədbirlər açıqlayıb və buraya şirkətləri əsl sahiblərinin adlarını açıqlamağa məcbur etməyi nəzərdə tutan ictimai reyestlərin yaranması daxildir.

“Niyə bu, bu qədər vacibdir? Çünki mən inanıram ki, korrupsiya bir çox problemin içindəki mübarizə aparmalı olduğumuz “xərçəngdir”. Əgər biz ölkələrin yoxsulluqdan qurtulub zəngin olmalarını istəyiriksə, biz korrupsiyaya qarşı mübarizə aparmalıyıq”, deyə Kameron bildirib.

Banklarda gizlədilən pullar

ABŞ dövlət katibi Con Kerri deyib ki, milyardlarla dollar dəyərində oğurluq pulları inkişaf etməkdə olan ölkələrdə təhsil və ya körpülərin tikintisi üçün xərclənməkdənsə, “bizim ölkə də daxil olmaqla” bir çox ölkədəki gizli banklarda saxlanır.

“Biz - hər birimiz, vətənlərimiz, ölkələrimiz üçün mübarizə aparırıq. Korrupsiya düşməndir, çünki bizim əleyhinə döyüşdüyümüz ekstremistlər kimi korrupsiya da ölkələrimizi məhv edir”, deyə Kerri sammit zamanı nümayəndələrə bildirib.

Dünya dəyişib

Bir günlük görüşə Əfqanıstan, Kolumbiya, Nigeriya və digər ölkələrin liderləri qatılıb. Britaniya rəsmiləri deyir ki, sammitin məqsədi cəmiyyətin bütün səviyyələrində korrupsiyanı ifşa etmək, cəzalandırmaq üçün qlobal səyləri artırmaqdır.

“Əgər bu anti-korrupisya sammiti 10 il öncə keçirilsə idi, biz afrikalı kleptokratlar, dövlət sərvətinin insanlardan oğurlanmasını müzakirə edəcəkdik”, deyə Britaniyanın hüquq müdafiə qrupu Vergi Ədaləti Şəbəkəsindən Aleks Kobham bildirib. Indi isə, onun dediyinə görə, dünya dəyişib.

“Biz artıq bütün dünyada hər cür korrupsiya hallarının artmasına səbəb olan və asanlaşdılıran maliyyə məxfiliyinin təminatçılarını nəzərə alırıq,” deyə Kobham Amerikanın Səsinə bildirib.

Sammitin zəminini Panama Sənədləri təşkil edir. Aşkara çıxan sənədlər Deyvid Kameronun mərhum atasının Britaniya vergilərindən yayınmaq üçün ofşor hesab açdığını göstərib. Daha sonra baş nazir özünün də bu hesabda bir payının olduğunu etiraf edib.

Panama Sənədlərinin aşkara çıxardığı məlumatlarda bildirilib ki, üstü açılan 210 min gizli şirkətin yarısından çoxu Britaniyanın Vircin Adalarında qeydiyyatdadır. Bu da öz növbəsində Britaniyanın ofşor şirkətləri ilə bağlı islahatlar aparmasına dair çağırışlara səbəb olub.

Panama Sənədlərində nisbətən daha az amerikalının adı hallanıb və onların sırasında heç bir yüksək vəzifəli rəsminin adı yoxdur.

ABŞ maraq doğurur

Buna baxmayaraq anti-korrupsiya fəalları Birləşmiş Ştatların da Delaveyr, Nevada, Vayominq kimi ştatlarda vergidən yayınma və çirkli pulların yuyulma hallarına görə, narahatlıq doğurduğunu iddia edir. Bu üç ştat şirkətlərin ucuz və gizli bir şəkildə təsis olunmasına imkan yaratdığı üçün tənqidlərlə qarşılanır.

Kerri deyib ki, irəli sürülən qanun ABŞ-da təsis olunan şirkətləri sahibləri barədə məlumatı açıqlamağa məcbur edir, digər bir qayda isə banklardan müştəri korporasiyalarının əsl sahibləri ilə bağlı məlumat toplamağı tələb edəcək.

Təhlilçilərin dediyinə görə, Vaşinqton və London korrupsiyaya qarşı mübarizəni xüsusilə son on ildə milyonlarla insanı yoxsulluq, işsizlik və məyusluğa doğru aparan maliyyə böhranlarının ardından hüquqi və təhlükəsizlik məsələsi olaraq görür.

Londonda yerləşən Middlesex Universitetinin siyasi iqtisadiyyat professoru Tim Evans sammiti və ümumilikdə korrupsiyaya qarşı mübarizəni elit ölkələrdə yaranan narahatçılığın əlaməti olaraq qiymətləndirir.

“Onlar legitimliklərini itirməkdən narahatdlır. Son illər ərzində Avropa və Birləşmiş Ştatlarda şahidi olduğumuz bəzi üsyan və problemləri nəzərə alaraq, siyasətçilər qorxurlar, buna görə də diqqəti etimad və şəffaflığı bərpa etməyə verirlər,” deyə o, Amerikanın Səsinə bildirib.

Sammit Britaniya baş nazirinin Əfqanıstan və Nigeriyanı “fantastik dərəcədə korrupsiyalaşmış” adlandırmasının kameralara yansıması ilə başlayıb,

Ölkəsində aqressiv korrupsiyaya qarşı mübarizə kampaniyası aparan Nigeriya prezidenti Muhammadu Buhari baş nazir Deyvid Kameronun bu sammiti təşkil etmə qərarını alqışlayıb. Nigeriya nümayəndə heyətinin üzvləri isə baş nazir Kameronun şərhlərinə rəy bildirməyib.

Sammit zamanı Buhari Kamerona “Bizi bu qədər ciddi bir məsələ ilə bağlı hərəkətə keçirmək üçün imkan yaratmaq cəsarətinizə görə sizə minnətdaram. Korrupsiya dövrümüzün ən böyük düşmənidir” deyib.

XS
SM
MD
LG