Accessibility links

Antitel testləri Los Ancelesdə koronavirusa yoluxma hallarının 40 dəfə artıq olduğunu göstərir


Səhiyyə rəsmilərinin bazar ertəsi bildirdiyinı görə, Los-Anceles dairəsində sakinlərinin qan testləri böyüklərin 4,1 faizində koronavirusun olduğunu göstərib, bu isə yoluxanların sayının təsdiqlənmiş halların sayından 40 dəfə çox olduğu demək ola bilər.

Cənubi Kaliforniya Universitetinin tədqiqatçıları tərəfindən 863 nəfərə edilən seroloji testlərinin nəticələri pandemiya nəticəsində ölüm halları səviyyəsinin əvvəlcədən düşünüldüyündən daha az olduğunu, eyni zamanda xəstəliyin virusa yoluxmuş, lakin heç bir simptomu olmayan insanlar tərəfindən daha çox yayıldığını göstərir.

"Biz COVID-19-a yoluxma hallarının həqiqi sayını bilmirdik, çünki biz yalnız simptomları olan insanları test etmişik və test avadanlığımız məhdud idi" -deyə, Cənubi Kaliforniya Universitetinin baş tədqiqatçısı, professor Niraj Soud bildirib.

"Araşdırmaların nəticələri bizim xəstəliyi proqnozlaşdırma modellərini yenidən qiymətləndirməli və ictimai sağlamlıq strategiyasını yenidən nəzərdən keçirməli olduğumuzu göstərir", Soud bildirib.

Reuters xəbər agentliyinin verdiyi məlumata görə, bazar ertəsi Los-Anceles dairəsində azı 17 yeni ölüm halının qeydə alınması ilə ölənlərin ümumi sayı 600-ə çatıb. Təqribən 8 milyon əhalisi olan dairədə 12,300-dən çox yoluxma halı qeydə alınıb.

Keçən həftə Stanford Universitetinin alimlərinin Santa-Klara dairəsidə apardığı analoji araşdırma metodologiya və nümunələrin ölçüsü baxımından tənqid edilib.

Bazar günü Nyu-York qubernatoru Endryu Kuomo bazar ertəsindən başlayaraq səhiyyə işçilərinin 3000 insanın antitel testlərini keçirməyə başlayacağını deyib.

Onilliklər boyu ELISA texnologiyasından istifadə edilən antitel testləri erkən mərhələdəki yoluxmanı həmişə göstərmir, əksinə bir şəxsin simptomsuz olmasına baxmayaraq, əvvəl virusa yoluxub-yoluxmadığını müəyyən edir.

Müqayisə üçün, ölkənin tibb stansiyalarında və klinikalarında RT-PCR texnologiyası ilə aparılan burun-boğaz seliyindən götürülən nümunələrin testləri bir insanda virus olub-olmadığını göstərir.

Hər iki test, koronavirusla mübarizədə mühüm hesab edilir. Lakin antitel testləri insanları risk qruplarına ayırmaq və virusun yayılma dərəcəsini ölçmək üçün nisbətən ucuz və sürətli test hesab olunur.

XS
SM
MD
LG