Noyabrın 12-də Bakı Apelyasiya Məhkəməsi hakim Habil Məmmədovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Binəqədi Rayon Şöbəsinin fəalı Ramiz Cəfərov barədə Sabunçu rayon Məhkəməsinin inzibati həbs qərarından verilən şikayəti təmin etməyib. Şikayəti vəkil Fəxrəddin Mehdiyev verib.
Ramiz Cəfərov məhkəmədə bildirib ki, onu noyabrın 3-də işə getdiyi taksidə saxlayıb polis bölməsinə aparıblar. Saxlanılarkən təhqir və təzyiqə məruz qalıb. Polis bölməsində mobil telefonunun kodunu istəyiblər. Kodu vermədikdə yenə təzyiqə məruz qalıb. O vəkil tələb etsə də, təmin olunmayıb.
Cəfərova qarşı İnizbati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1- ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. Sabunçu rayon Məhkəməsində hakim Süleyman Ağayevin sədrliyi ilə keçən məhkəmə iclasında fəal öz istədiyi vəkillə təmin olunmayıb, heç bir şahid dindirilmədən, araşdırılma aparılmadan barəsində 25 sutkalıq inzibati həbs qərarı verilib.
Ramiz Cəfərov məhkəmədə həbsinin sırf siyasi fəaliyyətlə əlaqəli olduğunu bildirib.
Vəkil Apellyasiya Məhkəməsinin qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət veriləcəyini deyib.