Martın 13-də Bakı Apellyasiya Məhkəməsi Milli Məclisə seçkilər üzrə 32 saylı Suraxanı üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Fikrət Cəfərlinin məşvərətçi səs hüquqlu komissiya üzvü Fuad İsmayılovun şikayətini təmin etməyib.
Bu barədə vəkil Cavad Cavadov məlumat verib.
Vəkil məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verəcəyini bildirib.
Martın 7-də Suraxanı rayon Məhkəməsi Fuad İsmayılovu İnizbati Xətalar Məcəlləsinin 206-cı maddəsi (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) ilə günahlandıraraq iki ay inzibati həbsə məhkum edib.
Vəkilin sözlərinə görə, Fuad İsmayılov narkotik ittihamını qəbul etmir və o artıq 6-cı gündür etiraz olaraq aclıq edir. Vəkil onun İsmayılovla görüşünə icazə verilmədiyini bildirib.
“Fuad İsmayılov həbsi zamanı, narkoloji dispanerdə və Binəqədidə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində işgəncəyə məruz qalıb.
“İşgəncə faktı ilə bağlı prokurorluğa müraciət edəcəm,” o qeyd edib.
Məhkəmə iclasında iştirak edən deputatlığa namizəd olmuş Fikrət Cəfərli ombudsmana və beynəlxalq təşkilatlara müraciət edərək Fuad İsmayılova qarşı işgəncələrin dayandırılmasına kömək etmələrini xahiş edib.
“Fuad İsmayılovun qulağında qanaxma var, dizi əzilib. Onun vəkili və ailə üzvləri ilə görüşünə imkan verilmir. Fuad bəy bütün bunlara etiraz olaraq artıq altıncı gündür aclıq edir,” Cəfərli qeyd edib.
Cəfərli bildirib ki, Fuad Ismayılov 32 saylı Suraxanı üçüncü Seçki Dairəsinin 8-ci seçki məntəqəsində səsvermə zamanı qanunsuzluğun qarşısını alıb.
“Həmin məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb.”
Fikrət Cəfərli seçki məntəqəsində baş verən qarşıdurma ilə bağlı video da yayıb. Videoda Fuad İsmayılov səsvermə zamanı qanun pozuntusunun qarşısını alarkən polis əməkdaşları məntəqəyə daxil olur və onu zorla məntəqədən çıxarmağa cəhd edir.
Fuad İsmayılov fevralın 21-də Mərkəzi Seçki Komissiyasının binası qarşısında divara seçki qanunvericiliyinin pozulmasına etiraz olaraq "Fu Məzi” şüarı (MSK sədri Məzahir Pənahova etiraz kimi ictimaiyyət belə ifadələr səsləndirir-red) yazdığına görə saxlanılmışdı.
Repressiyalar və İşgəncələr Əleyhinə Komitə Fuad İsmayılova polis orqanlarında işgəncələr verilməsi ilə bağlı bəyanatla çıxş edib.
Sənəddə deyilir ki, İsmayılov parlament seçkilərində baş vermiş total saxtakarlığa qarşı aktiv etiraz aksiyalarına qoşulduğu üçün fevralın 21-də Mərkəzi Seçki Komissiyasının qarşısında saxlanılaraq, yalnız bir neçə saatdan sonra sərbəst buraxılıb.
“Hal-hazırda ona qarşı tətbiq edilən fiziki işgəncələrin polis orqanlarının ona qarşı olan qərəzli münasibətinin davamlı nəticəsi olduğu şübhəsizdir.
Göstərilənləri nəzərə alaraq Repressiyalar və İşgəncələr Əleyhinə Komitə olaraq İsmayılov Fuad Ələkbər oğlunun qanunsuz və əsassız olaraq inzibati məsuliyyətə cəlb olunmaqla, 2 ay müddətinə həbsə alınmasını, həbs yerində polis əməkdaşları tərəfindən ağır fiziki və psixoloji işgəncələrə məruz qalması faktını sərt şəkildə pisləyir, onun dərhal həbsdən azad olunmasını, ona qarşı fiziki işgəncələrə yol vermiş polis əməkdaşlarının aşkar edilərək cəzalandırılmalarını və gələcəkdə bu kimi əməllərə son qoyulmasını tələb edirik,” bəyanatda qeyd edilir.
Rəsmi qurumlar smayılovun işgəncələrə məruz qalması ilə bağlı deyilənlərə və onun həbsinin səbəblərinə hələ münasibət bildirməyib.