Accessibility links

Apellyasiya Məhkəməsi İbrahimovların işi üzrə təkrar istintaqdan imtina edib [Video]


Qiyas İbrahimov (İllustrasiya meydan.tv saytından götürülüb)
Qiyas İbrahimov (İllustrasiya meydan.tv saytından götürülüb)

İbrahimov 3 ay həbsə, atası isə 1,5 il islah işlərinə cəlb edilib

Fevralın 14-də Bakı Apellyasiya Məhkəməsində gənc fəal Qiyas İbrahimovun və onun atası Həsən İbrahimovun işi üzrə ilkin baxış iclası başa çatıb.

Ata və oğul Cinayət Məcəlləsinin 289.2-ci maddəsi (məhkəməyə hörmətsizlik) ilə təqsirli bilinib. Yasamal Rayon Məhkəməsi Qiyas İbrahimovu 3 ay azadlıqdan məhrum edib. Beləliklə, 10 illik həbs cəzasına 3 ay da əlavə olunub.

Həsən İbrahimov aylıq əmək haqqından 20% tutulmaqla 1,5 il islah işlərinə cəlb edilib.

Fevralın 6-da Bakı Apellyasiya Məhkəməsində iş üzrə ilkin iclas olub. Vəkil Zibeydə Sadıqova məhkəmə heyətinə etiraz edib. Çünki məhz buranın hakimləri ata və oğul İbrahimovları məsuliyyətə cəlb edib.

Bu gün iclasın əvvəlində elan edilib ki, məhkəmə rəhbərliyi etirazı təmin etməyib.

Sonra vəkil Elçin Sadıqov qismən məhkəmə istintaqının aparılması ilə apellyasiya şikayətinə baxılması barədə vəsatət qaldırıb. O, bunu onunla əsaslandırıb ki, İbrahimovlardan şikayət edən Apellyasiya Məhkəməsinin üç hakimi birinci instansiya məhkəməsinə gəlməyib və ifadə verməyib. Ancaq hakim vəsatəti təmin etməyib və mahiyyəti üzrə dinləmələri fevralın 21-nə təyin edib.

Cinayət işinə bu il iyunun 5-də Bakı Apellyasiya Məhkəməsində baş vermiş insidentlə əlaqədar başlanılıb. Belə ki, “şüşə qəfəs”də olan Q.İbrahimov dövlət ittihamçısının çıxışı zamanı mikrofonu sındırıb (Qiyas İbrahimov və Bayram Məmmədov Heydər Əliyevin abidəsinə siyasi şüarlar yazdıqdan sonra narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər).

Bundan öncə isə hakim Qiyasın heç nə eşitməməsi barədə çağırışlarına məhəl qoymayıb. Məhkəmə nəzarətçiləri “qəfəs”ə yaxınlaşaraq Q.İbrahimovun əllərini qandallayıblar, ona qarşı kobudluq ediblər. Bundan qəzəblənən ata hakimi zorakılığa son qoyulmasına çağırıb. “Gün gələcək, sizin də övladlarınızın başına belə şeylər gələcək”, o çığırıb.

Bakı Apellyasiya Məhkəməsinin hakimləri Vüqar Məmmədov, Əflatun Qasımov və Əmir Bayramov bunu özlərinə qarşı hörmətsizlik kimi qiymətləndiriblər.

XS
SM
MD
LG