Accessibility links

AXCP fəalı ittihamı qəbul etmir


Şahin Hacıyev
Şahin Hacıyev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Şahin Hacıyev ona qarşı irəli sürülən narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamını qəbul etmir.

Bu il yanvarın 13-də Gəncə Ağır Cinayətlər Məhkəməsində Hacıyevin məhkəməsi başlayıb.

Hacıyev 26 noyabr 2021-ci ildə saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ittiham irəli sürülüb.

O, ictimaiyyətə müraciətində sifarişlə saxta ittiham əsasında həbs edildiyini bildirib.

“Mənim evimə basqın edilib və heç bir sənəd təqdim olunmadan məni evdən aparıblar. Evimdən iki noutbuk götürüblər. Kompüterlə narkotik maddənin nə əlaqəsi var?" o yazıb.

Hacıyev protokolları işgəncə altında imzaladığını bildirib. Fəalın bildirdiyinə görə, onu saxlayandan sonra heç bir ekspertiza aparılmayıb, işə isə saxta rəy əlavə edilib.

"Yazıblar ki, məhkəmə-narkoloji ekspertizanın 29 noyabr tarixli rəyinə əsasən, mən heroindən sui-istifadə nəticəsində narkomaniyadan əziyyət çəkirəm. Lakin noyabrın 29-da heç bir narkoloji ekspetiza keçirilməyib. Mən heç vaxt siqaret və spirtli içki istifadəçisi olmamışam,” Hacıyev yazıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasında əmindirlər ki, fəalın həbsinin əsl səbəbi onun sosial şəbəkələrdə hakimiyyətin ünvanına tənqidi yazılarıdır.

Öz növbəsində, hüquq mühafizə orqanları işgəncə və sifarişli həbslə bağlı deyilənləri bir qayda olaraq qəbul etmir.

Hüquq mühafizə orqanlarının rəsmiləri insanların özünü müdafiə məqsədi ilə belə bəyanatlarla çıxış edtdiyini bildirir.

XS
SM
MD
LG