İyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilər başlayıb.
Azərbaycanda parlament seçkiləri 2015-ci ilin noyabrın 1-də keçirilib. Noyabrın 17-də Mərkəzi Seçki Komissiyası (MSK) 90 saylı Ağdaş seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğv olunması haqqında qərar qəbul edib. Bu qərar həmin dairədə qeydiyyata alınmış digər namizədlərin müraciəti əsasında qəbul olunub. 90 saylı dairə üzrə lider namizəd IV çağırış Milli Məclisin deputatı, "AGBank" Müşahidə Şurasının sədri Çingiz Əsədullayev olub.
Prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərin 2016-cı il iyunun 18-də keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
Bugünkü təkrar seçkilərdə 7 namizəd iştirak edir. Bunlar Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov (Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri), Ümid Partiyasının namizədi İqbal Ağazadə (Ümid Partiyasının sədri), o cümlədən öz təşəbbüsü ilə namizədliyini irəli sürən bitərəflər - Rəşad Abdullayev (Ağdaş rayon təhsil şöbəsi N.Maqsudov adına Tofiqi kənd orta məktəbi, müəllim), Elmir Gözəlov (“Azəravtoyol” ASC-nin “Yolların Mühafizəsi Xidməti” MMC, baş mütəxəssis), Rəşid Gözəlov (“Azərpoçt” MMC-nin Ağdaş poçt filialı, müfəttiş), Əli Haqverdiyev (Ağdaş rayon mərkəzi xəstəxanası, həkim) və Anar İbrahimlidir (Ağdaş Dövlət Humanitar Kolleci, müəllim).
Seçkiləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyətinə daxil olan deputat Alan Desteks (Alain Destexhe) və AŞPA-nin Azərbaycan üzrə Monitorinq komitəsinin həmsədrləri, avstriyalı deputat Ştefan Şennax (Stefan Schennach) və rumıniyalı deputat Sezar Florin Preda (Cezar Florin Preda) müşahidə edir.aparacaq. AŞPA-nı təmsil edən, ümumilikdə, 5 nəfər Mərkəzi Seçki Komissiyasından müşahidəçi kimi qeydiyyatdan keçib.