Accessibility links

Ara seçkilərdə Konqresə iki müsəlman qadın seçilib


Detroytlu seçici Deyvin Uayt üçün külək və yağışlar, habelə uzun növbələrə baxmayaraq, Konqresə namizəd sabiq ştat qanunvericisi Rəşidə Tlaibə səs vermək tarix yazmaq deyil, fərq yaratmaq idi.

“Rəşidə stereotipləri aşan hər şeyi təmsil edir. Onun mesajları təkcə müsəlman icmasına deyil, bir çox insana yönəlir. Sadəcə o müsəlmandır və mən inanıram ki, bu, müsəlman icması üçün çox mühümdür, eyni zamanda isə digər icmalar üçün də mühümdür, çünki Rəşidənin möhtəşəm dövlət xadimi olaraq effektivliyi və fəallığı irqin insanı xarakterizə etmədiyinin nümunəsidir.

Somali qaçqını və Minnesotadan Konqresə demokrat namizəd İlhan Ömər də müxtəlif seçicilərin səslərini qazanaraq, Minneapolisdə respublikaçı rəqibi üzərində qələbə çalıb.

Rəşidə Tlaib və İlhan Ömər yanvar ayında Konqresin yeni sessiyası başlayan zaman ilk müsəlman qadın Konqres üzvləri olaraq tarix yazacaqlar. Hər iki qadınla bağlı böyük gözləntilər var. Onlar immiqrasiya islahatından tutmuş xarici siyasətə kimi bir çox məsələlərdə ABŞ siyasətinə təsir göstərməyə çalışacaq.

Hər iki qadın liberal və mütərəqqi hesab edilən dairələrdən seçilib. Tlaiblə eyni seçki məntəqəsində səs verən Allison Bruks deyir ki, bu tarixi an çoxdan gözlənilirdi. “2018-ci ildir və bəlkə də ilk dəfədir ki belə bir şey baş verir. Bizim Konqresdə, Senatda və Nümayəndələr Palatasında daha çox müsəlmana ehtiyacımız var”, o deyib.

“Ərəb və müsəlman olmaq hər zaman mənim kimliyimin bir hissəsi olaraq qalacaq. Lakin Məhəmməd Peyğəmbər hər zaman ədalət tərəfdarı idi, mənim də düşüncələrimin əsasında ədalət dayanır,” Tlaib Amerikanın Səsinə bildirib.

Konqresə seçilən ilk fələstinli amerikalı olan Tlaib söz verib ki, o, Konqresdəki vəzifə müddəti ərzində də prezident Donald Tramp və onun administrasiyasının yürütdüyü siyasətin açıq tənqidçisi olaraq qalacaq.

XS
SM
MD
LG