Accessibility links

Aranlıda malqaralı etiraz aksiyası


Marqarali etiraz aksiyasi
Marqarali etiraz aksiyasi

Iyulun 4-də İmişlinin Aranlı kəndinin 200-dək sakini şəxsi təsərrüfatlarında saxladıqları təxminən 800 baş iribuynuzlu heyvanla birgə aksiya keçirib. Bu barədə AzadlıqRadiosuna sakinlər özləri məlumat verib.

Keçmiş Lenin kolxozunun örüşü

Aranlı kəndinin sakini Anar Novruzov bildirir ki, etiraza səbəb örüş sahəsinin bir hissəsinin tutulmağı olub:

“İslahat aparılarkən keçmiş Lenin adına kolxozun 380 hektar torpağı örüş məqsədilə Aranlı kənd sakinlərinin ümumi istifadəsində saxlanılıb. Amma iki gün əvvəl Şakir adlı sakin naxırı örüş sahəsinə buraxmayıb. O, 15 hektar ərazinin kənarlarına dərin kanal qazmaq və dəmir tor çəkmək, burada şəxsi maldarlıq təsərrüfatı yaratmaq istəyirdi. Bu, kəndin əksər sakinlərində narazılıq doğurdu. Heyvanları yola çıxartdıq ki, naxır zəbt olunan örüş yerinə buraxılsın.”

Münaqişə niyə yaranıb?

AzadlıqRadiosuna danışan Aranlı kəndinin sakini Şakir Hüseynov qanunsuz tutulduğu iddia edilən 15 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun olduğunu bildirir:

“Mən həmin sahəni 2004-cü ildə bələdiyyədən 45 il müddətinə icarəyə götürmüşəm. Onda bələdiyyə sədri deyildim. 10 ildən artıqdır ki, istifadəmdə olmağına baxmayaraq sahə kənd camaatının, malqaranın üzünə açıq olub. Bizdə heç vaxt örüşlə bağlı problem yaranmayıb. Yerli icra nümayəndəsi qərəzli olduğundan adamları qızışdırıb mənim və bələdiyənin əleyhinə qaldırıb. ”

Aksiya qalib gəlib

Aranlı kəndinin icra nümayəndəsi İlham İmanov aksiyanın keçirilməyini təsdiqləsə də, onun təşkilində iştirakını yalanlayıb:

“İki gündür ki, adamlar örüşlə bağlı narazılıqlarını dilə gətirirdi. İcra başçısı məni və kəndin bələdiyyə sədrini qəbul edib tapşırmışdı ki, mümkün yolla camaatı razı salaq, başqa söz-söhbət olmasın. Dövlət hakimiyyətinin kənddə nümayəndəsi mənəm, camaatı özüməmi qarşı qaldırmalıyam?! Bu gün məsələ sakitliklə yoluna qoyuldu və hamı da razı qaldı.”

Sakinlərin deməsinə görə, İmişli Rayon İcra Hakimiyyətinin məsul işçiləri kəndə camaatla danışığa gəlib. Mübahisəli sahəyə baxış keçirildikdən sonra tələb təmin olunub.

Aksiyada iştirakına görə heç kəs saxlanılmayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG