Accessibility links

Ünlü ozan Araz Elsəs Amerikanın Səsinə müsahibə verib (AUDİO)


Ünlü ozan Araz Elsəs Amerikanın Səsinə müsahibə verib (AUDİO)
Ünlü ozan Araz Elsəs Amerikanın Səsinə müsahibə verib (AUDİO)

Araz Elsəs İran Azərbaycanının Sulduz şəhərində anadan olub. İyirmi il öncə İranda təqiblərlə üzləşib və ölkəni tərk etməyə məcbur olub. Hazırda İsveçdə yaşayır.

Ünlü ozan Araz Elsəs Amerikanın Səsi radiosuna müsahibəsində İranda söz azadlığının boğulması, xalqların mədəni azadlıqlarına qarşı qadağaların olduğunu bildirib. Onun fikrincə, artıq İranda yaşayan azərbaycanlılar öz fundamental azadlıqları uğrunda fəal mübarizə aparır.

Araz Elsəs İran Azərbaycanının Sulduz şəhərində anadan olub. İyirmi il öncə İranda təqiblərlə üzləşib və ölkəni tərk etməyə məcbur olub. Hazırda İsveçdə yaşayır.

Sual: Uzun müddətdir ki, Bakıda konsertiniz baş tutmurdu. Nəhayət, Bakıda konsert verdiniz. Hansı səbəbdən indiyədək konsertiniz baş tutmurdu?

Cavab: Son dəfə 2002-ci ildə Bakıda konsertim olmuşdu. Ondan sonra çox çalışırdım konsertim olsun. Adını qoymuşuq texniki səbəblərdən, elə indi də deyək texniki səbəblərdən konsert baş tutmurdu.

Amma, önəmlisi odur kİ, neçə il sonra olsa da, konsert oldu və insanlarımızla görüşə bildik. Çox şükür ki, konsertimiz oldu. Arzum budur ki, bundan sonra insanlarımızla tez-tez görüşlərim olsun.

Sual: Sizi, İranda yaşayan azərbaycanlıların haqq səsi, hayqıran səsi adlandırırlar. Konsertinizdə ən ünlü mahnınız hansı idi?

Cavab: Güneydə küçələrdə, meydanlarda minlərlə, on minlərlə insan çıxıb “Haray, haray, mən türkəm”, deyə hayqırır. Mənim də bir mahnım var, “Haray, haray mən türkəm.” Bu mahnını güneydəki hadisələrdən ilham alaraq yazmışam və sevdiyim mahnılarımdan biridir,

Sual: Sizin məşhur “Quşlar” mahnınız da var. “Quşlar” həsrət mahnısıdır, vətənə dönə bilməyən insanın hayqırtısıdır.

Cavab: “Quşlar” mahnısı qürbətdə pasportsuz qaldığım və heç nəyimin olmadığı dövrdə yaranmış mahnıdır. Baxdım quşlar istədiyi yerə uçub gedir, onlara həsəd apardım. Mən də bir quş olsaydım bəlkə, quş olub quşlara qoşulsaydım bəlkə... Başladım bu şeri yazdım:

Quşlar, quş olmaq istəyirəm,

Quş olub,

quşlara qoşulmaq istəyirəm,

Quş olub da,

yurduma qovuşmaq istəyirəm,

Quşlar, quşlar göylü quşlar,

Gözü, könlü tox quşlar,

Hərəniz bircə lələk,

Çox yox, bircə lələk, döşəyin

yurduma sarı çırpınan qollarıma,

Quşlar, quş olmaq istəyirəm,

Quş olub,

quşlara qoşulmaq,

Qoşulub da,

yurduma qovuşmaq istəyirəm.

Sual: Iranda belə mahnılar səsləndirə bilirdinizmi?

Cavab: İrandan artıq 20 ildir çıxmışam. O zaman təbii ki, indiki kimi azərbaycançılıq, türkçülük, türkçülük hərəkatı yox idi. Sazı qorxa-qorxa, gizlin gəzdirərdim. İndi çox şey dəyişib. O zaman, Fikrət Sadıqın şerinə bir mahnı yazmışam:

Dərədən danışıram qorxursan,

Dağdan danışıram qorxursan.

Dərənin dumanı var, seli var,

Dağın uçurumu var, qarı var.

Dərə bir yana, dağ bir yana,

Yaşayışdan da danışıram qorxursan.

O zaman Azərbaycandan danışmaq, türkəm demək doğrudan da çətin idi. Amma, yavaş-yavaş dedik, o qığılcımlar yanmağa başladı. İndi milli hərəkat güclüdür və 2006-cı ilin may hadisələrindən sonra daha da güclü olub. May hadisələri yatanları da oyatdı.

Müsahibəyə “Haray” proqramında qulaq asa bilərsiniz.

XS
SM
MD
LG