Accessibility links

DESFA şirkətinin səhmlərinin ARDNŞ-in almasının tamamlanması müzakirə olunub


DESFA şirkəti
DESFA şirkəti

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Yunanıstana səfəri çərçivəsində noyabrın 10-da bu ölkənin baş naziri Antonis Samarasla görüşüb.

Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Trans-Adriatik qaz kəməri (TAP) layihəsinin həyata keçirilməsi və Yunanıstan Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan “DESFA” şirkətinə məxsus səhmlərin 66 faizinin ARDNŞ tərəfindən alınması prosesinin tamamlanması ilə bağlı məsələlər müzakirə olunub.

Avropa Komissiyası hesab edir ki, DESFA-nın səhmlərinin alınması Yunanıstana təbii qazın topdan satışında rəqabəti poza bilər. Avropa Komissiyası Yunanıstan hökumətinin ölkənin energetika bazarının liberallaşdırılması və modernləşdirilməsinə yönələn özəlləşdirmə proqramı çərçivəsində DESFA-nı satışa çıxarmasının rəqabət mühitinə zərbə vurmamasına, nəticədə Yunanıstan istehlakçılarının qaza görə daha yüksək qiymət ödəməsinə gətirib çıxarmamasına çalışır.

Avropa Komissiyası hazırda araşdırma aparır və sövdələşməyə dair 2015-ci il martın 23-dək rəy verəcək.

Xatırladaq ki, ötən ilin sonunda ARDNŞ Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund - HRADF) və "Petroleum" şirkəti ilə DESFA şirkətinin (Yunanıstanın milli qazpaylayıcı şəbəkəsinin operatoru) səhmlərinin 66 faizinin alınmasına dair saziş imzalayıb.

Bundan əvvəl HRADF-nin elan etdiyi beynəlxalq tenderin yekunlarına görə, tərəflər səhmlərin alqı-satqısı və səhmdarlar haqqında sazişlər imzalayıblar.

İmzalanmış sənədlər onların Avropa Komissiyasının Energetika və Antiinhisar siyasəti məsələləri üzrə baş müdiriyyətləri tərəfindən imzalanmasından sonra qüvvəyə minəcək.

ARDNŞ-dan başqa “DESFA”ya Rusiyanın “Sintez” şirkətlər qrupu və “PPF-Terna” müştərək yunan-çex şirkəti iddia edib. 2013-cü ilin iyununda qeyd olunan iki şirkət “DESFA”nın satışı üzrə müsabiqədə iştirak etməyib geri çəkilib. Nəticədə ARDNŞ meydanda tək qalıb. “Hellenic Petroleum” şirkətinin İdarəetmə Şurası isə ARDNŞ-in “DESFA” nın səhmlərinin 66%-nə görə 400 milyon avro məbləğində vəsait təklifini daha faydalı sayaraq onu qəbul edib.

XS
SM
MD
LG