İran Azərbaycanının Kəleybər şəhərindən olan fotoqrafçı Arəş Şadmənd Təbrizdə həbs edilib.
Şadmənd bu barədə öz İnstagarm hesabında məlumat yayıb.
Sentyabrın 30-da güneyli fotoqrafçı Arəş Şadmənd təhlükəsizlik qüvvələri tərəfindən Təbriz şəhərində öz şəxsi evində saxlanılaraq dindirilmək üzrə naməlum məkana aparılıb.
Təhlükəsizlik qüvvələri Arəş Şadməndi həbs etdikdən sonra heç bir məhkəmə qərarı olmadan onun evində axtarış aparıb və kompüter, kamera və flaş yaddaş kartını da daxil olmaqla, bir çox şəxsi əşyalarını müsadirə ediblər.
Arəş Şadmənd 2018-ci ildə İranda müəllimlərin keçirdiyi etiraz aksiyaları zamanı etiraz mitinqlərində iştirak etdiyi üçün İran hökumətinin kəşfiyyat idarəsinə çağırılıb, dindirilib və kəşfiyyat agentləri tərəfindən təhdid olunmuşdu.
İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, Arəş Şadməndin həbsindən bir gün öncə İran Azərbaycanının Kəleybər şəhərindən olan Əbülfəz Pur-Hüseynqulu adlı başqa bir vətəndaş da bu şəhərdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Həmin xəbər agentliyinin yaydığı məlumata əsasən, bu vətəndaşlar Telegram sosial media platformasında bir xəbər kanalı ilə əlaqədar saxlanılıblar.
Bu vətəndaşların hal-hazırda harada saxlandıqları və hansı təhlükəsizlik qurumu tərəfindən həbs edildikləri barədə heç bir məlumat yayılmayıb.